12 yanvar 2012 14:30
“Altılıq oyunları vaxtı hər şey dəyişə bilər”
“Qarabağ” qış fasiləsindən sonra hazırlıqlarını sürətləndirib. Azerisport.az xəbər verir ki, Suraxanı qəsəbə stadionunda çalışmlarını davam etdirən komandanın məşqlərində sadəcə zədəli Rəşad Sadıqov və icazəli Admir Teli iştirak etmir.
Bu arada “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev hazırlığı və qarşıdakı hədəflər haqqında danışıb. 22 yaşlı müdafiəçi bunları dilə gətirib:
“Hardasa 20 günlük icazə vardı. Hələ ki, məşqlərə adaptasiya gedir. Normal şəkildə hazırlaşırıq. Əsas hazırlığımız Antalyada olacaq. İndi yavaş-yavaş futbol havasına giririk.
Mövsümün ilk yarısını 4-cü pillədə bitirməyimizi normal dəyərləndirirəm. Daha doğrusu, gözlənilməz xal itkisi olmasaydı, daha yaxşı olardı. “Sumqayıt”a 5 xal verməsəydik, indi liderdən cəmi 3 xal geridəydik. Təbii ki, indi bunu düşünmək bizə heç nə vermir. Çalışmalıyıq ki, vəziyyəti düzəldək. Komanda olaraq özümüzə inanırıq. Son oyunlarda qol buraxmamağımız sadəcə müdafiənin əməyi deyil. Komanda şəkilində düzgün oynamağımızın nəticəsidi. Həmin məntiqlə niyə çoxlu qol vura bilmirik? Deməzdim ki, qol şanslarımız olmur. Sadəcə son nöqtəni qoymaq problemi var. Bunu da həll etdikdən sonra daha məhsuldar oynayacağımıza inanıram.
Yeni oyunçular? Əlbəttə, güclənsək, pis olmaz. Zədə, cəza kimi amillər mövsümboyu problem yarada bilər. Adətən qışdan sonra daha uğurlu çıxış edirik. İnanıram ki, bu dəfə də bu ənənəni davam etdirəcəyik. Çempionluq uğrunda mübarizə çətin olsa da, biz heç vaxt hədəfsiz mübarizə aparmırıq.
Cari mövsüm ən xoş təsir bağışlayan heş şübhəsiz, “İnter”di. “Bankirlər” məhdud imkanlara baxmayaraq arzu və intizamlı oyun üslubuyla rəğbət yaradır. Baxımlılıq nəzərindən “Neftçi”nin oyununu qeyd etməliyəm. “Qəbələ”nin isə fiziki hazırlığını vurğulamaq lazımdı. İnanıram ki, 2-ci yarı olduqca maraqlı olacaq.
Çempionun kimliyi haqqında danışmaq tezdi. Zənnimcə, “altılıq”da hər şey dəyişə bilər. Final mərhələsində hər oyun dəyişikliyə səbəb ola bilər. Amma biz ancaq öz oyunumuz haqqında fikirləşməliyik”.
