16 yanvar 2012 12:52
Neftçi yanvarın 27-ni gözləyir
Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, 28 yanvar tarixində başlayacaq yarışa fevralın 3-də yekun vurulacaq.
Turnirdə 8 komanda iştirak edəcək: "Neftçi" (Bakı, Azərbaycan), "Paxtakor" (Daşkənd, Özbəkistan), Poloniya (Varşava, Polşa), "Metallist" (Xarkov, Ukrayna), "Rapid" (Buxarest, Rumıniya), "Bilis" (Albaniya), "Ordabaşı" (Qazaxıstan), Terek (Qroznı, Rusiya).
Yanvar ayının 26-da turnirdə iştirak edəcək klubların rəhbərləri "Kalista" otelində bir araya gələcək. Bundan 1 gün sonra yarışın püşkatma mərasimi təşkil olunacaq. İlk mərhələdə 8 komanda hərəsində 4 klub olmaqla 2 yarımqrupa bölünəcək. Qrup qalibləri 3 fevral tarixində "Mardan" stadionunda keçiriləcək final oyununda üz-üzə gələcək.
Turnirin təşkilatçılığını "Terek"futbol klubu və Türkiyənin "Enda Tour" şirkəti həyata keçirir.
