18 yanvar 2012 16:17
Vaqif Cavadov: Qarabağa qayıdacağımı demişdim
“Qarabağ” fasilə dönəmində ilk transferini reallaşdırdı. Azerisport.az xəbər verir ki, 2010-cu ilin yanvarında “Qarabağ”dan “Twente”yə transfer olunan Vaqif Cavadov 2 illik fasilədən sonra yenidən doğma komandasına qayıtdı.
2007-2010-cu illərdə “Qarabağ”ın heyətində məşhurlaşmış 23 yaşlı forvard geri dönüşündə komandayla böyük uğurlara imza atmaq niyyətindədi. Cavadovla 2,5 illik müqavilə imzalandı və bu gün ilk məşqinə çıxdı.
Vaqif klubun rəsmi saytına verdiyi açıqlamada karyerasının yeni səhifəsini dəyərləndirib: “Əslində bunu yeni transfer kimi qiymətləndirmək olmaz. 17 yaşım olanda “Qarabağ” mənə sahib çıxmışdı. 3 il gözəl anlar keçirmişdim “Qarabağ”da. Təəssüf ki, “Twente” macərası məndən asılı olmayan səbəblərə görə alınmadı. Ağır zədə almağım vəziyyəti çətinləşdirdi. Amma cəmi 22 yaşım var. Gələcəyim hələ qabaqdadı. “Qarabağ”da hələ bitməyən işim var. Bu komanda mənə çox doğmadı. “Tvente”yə gedərkən mütləq “Qarabağ”a qayıdacağımı demişdim. Hətta başqa komandalarda oynayanda belə “Qarabağ” mənim üçün xüsusi olub. “Qarabağ” mənim üçün mənəvi bağlarla yanaşı başqa amillərə görə də uğurludu. Çünki, oyun üslübumun “Qarabağ”a uyğun gəldiyini düşünürəm. Burda futbol üçün hər şey var. Hətta “Volqa”da oynayarkən ruslara verdiyim müsahibədə “Qarabağ”ın futbolu bilən rəhbərliyinin, əla kollektivinin və güclü baş məşqçisinin olduğunu bildirmişdim. Belə də 2-ci evimə qayıtmışam. Parladığım, tanındığım komandaya daha çox xeyir vermək istəyirəm. İnanrıam ki, “Qarabağ” camiəsi üçün ən yaxşını edə biləcəm. Azarkeşlərimiz “Tvente”də olanda məni həmişə dəstəkləyirdi. İndi vurduğum qollar və komandama xeyir verməklə yenidən onları sevindirmək istəyirəm”.
