18 yanvar 2012 17:41
“Azərbaycanı qonşu ölkədə layiqincə təmsil etdiyimiz üçün qürur hissi keçiririk”
"Neftçi"nin 14 yaşlı futbolçulardan ibarət komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Dəri top" turnirinin qalibi olub. Azerisport.az xəbər verir ki, "Neftçi"nin icraçı direktoru Mübariz Xudiyev, U-14 komandasnın baş məşqçisi Araz Qulamov və komandanın kapitanı Əli Şirinov bununla bağlı fikirlərini klubun rəsmi saytına bildiriblər.
Mübariz Xudiyev: "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov uşaq futboluna diqqət və qayğı ilə yanaşır. Bu, klubumuzda prioritet məsələlərdəndir. Bundan irəli gəlir ki, "Neftçi" PFK-nın aşağı yaş qruplarından ibarət komandaları AFFA-nın bayrağı altında keçirilən turnirlərdə uğurla çıxış edirlər. 14 yaşlı futbolçulardan ibarət komandamız Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Dəri top" turnirinin qalibi olub. Üstəlik, "Neftçi"nin əvəzediciləri isə əsas komanda kimi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcəklər".
Araz Qulamov: "Neftçi" Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Dəri top" turnirinin qalibi oldu. Yarışda MDB və Baltikyanı ölkələrdən olan 16 komanda mübarizə aparırdı. Azərbaycanı qonşu ölkədə layiqincə təmsil etdiyimiz üçün qürur hissi keçiririk. Belə turnirlər yeniyetmə futbolçuların təcrübələrini artırmaq baxımından çox əhəmiyyətlidir. Bizə belə bir şərait yaratdığına görə "Neftçi" PFK-nın rəhbərliyinə təşəkkürümü bildirirəm".
Əli Şirinov: "Dəri top" turnirinin qalibi olduğumuz üçün çox sevincliyik. MDB və Baltikyanı ölkələrdən olan müxtəlif komandalarla oynayaraq, təcrübə topladıq. Bizə bu cür şərait yaratdığına görə "Neftçi" PFK-nın rəhbərliyinə minnətdarıq".
