18 yanvar 2012 00:01
Qurban Qurbanovun Barcelona təəssüratları
Məlum olduğu kimi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünyaca ünlü “Barcelona”nın düşərgəsinə yollanmışdı. Azerisport.az xəbər verir ki, 1 həftə boyu dünyanın ən güclü komandasının düşərgəsində olan çalışıdırıcı artıq Antalyaya dönərək komandasının düşərgəsinə qoşulub.
Qurban Qurbanov səfərlə bağlı təəssüratlarını bölüşüb: “İlk öncə onu deyim ki, olduqca faydalı səfər oldu. Hətta deyərdim ki, gözlədiyimizdən də yaxşı oldu. Proqramımız yaxşı tərtib olunmuşdu. Bizi çox isti qarşıladılar. Səfər müddətində faydalı görüşlərimiz oldu. Öncə “Barcelona”nın ölkə kubokunda “Osasuna”yla oyununu izləməyi planlaşdırsaq da, müəyyən görüşlərimizin olması səfərimizi təxirə saldı. Əvəzində “Espanyol”un “Kordoba”nı 4:2 hesabıyla yendiyi oyunu izlədik. Təbii ki, “Barcelona”nın çempionatda “Betis”i eyni hesabla məğlub etdiyi oyunda da stadiondaydıq. Bununla yanaşı, əsas komandayla yanaşı 7 yaşından əvəzedicilərə qədər bütün yaş qruplarının məşqlərində olduq. “Barcelona”nın dünyanın ən güclüsü olduğunu “göy-qırmızılar”ın bütün yaş qruplarının fəlsəfəsinin eyni olmasında gördüm. Ümumilikdə, səfərdən ancaq xoş nəticələr çıxardımızı vurğulamalıyam”.
