18 yanvar 2012 12:47
Neftçi Rusiyada çempion oldu
"Neftçi"nin 14 yaşlı futbolçulardan ibarət komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ənənəvi "Dəri top" turnirinin qalibi olub. Azerisport.az xəbər verir ki, baş məşqçi Araz Qulamovun rəhbərlik etdiyi U-14 finalda Rusiyanın "Sozvezdiye" klubunu 1:0 hesabı ilə məğlub edərək, kuboka sahib çıxıb. Yeganə qola Əli Şirinov imza atıb.
Xatırladaq ki, komanda bundan əvvəlki görüşləri də qalib kimi başa vurmuşdu. "Neftçi" Latviyanın paytaxtı Riqanın "Şitika" futbol məktəbinin komandasını 7:2, Qazaxıstanın "Merke" klubunu 3:0, Belarusun "Muxavets" klubunu 4:0 hesabı ilə, Ukraynanın Lvov şəhərinin futbol məktəbinin komandasını isə penaltilərlə 1:1 (5:4) məğlub etmişdi.
