19 yanvar 2012 14:35
Juluis Vobay da Bakıya keçir
Julius Vobay “Xəzər Lənkəran”a qayıtmaya bilər. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun Sierra Leonedən olan futbolçusunun ölkəmizin başqa bir klubu ilə danışıqlar apardığı deyilir.
Məlumatlara görə, Vobay hazırda “Bakı” klubu ilə danışıqlar aparır. Onun “Xəzər Lənkəran”ın təlim-məşq toplanışına da məhz bu üzdən qatılmadığı deyilir.
Qeyd edək ki, Vobayın viza ala bilmədiyi üçün “Xəzər Lənkəran”ın Türkiyə toplanışından kənarda qaldığı deyilirdi. Yayda isə futbolçunun “Bakı” ilə danışıqlar aparması barədə xəbərlər yayılmışdı. Hətta “Xəzər Lənkəran”la yeni müqavilə imzalamaq istəməyən afrikalını Mirça Rednik bu səbəbdən uzun müddət əsas komandaya buraxmamışdı.
Onu da qeyd edək ki, yay transfer pəncərəsi dövründə “Bakı” “Xəzər Lənkəran”dan Uinston Parksı transfer etmişdi. İndi isə Vobayın da Parksa qoşulması gözlənilir. Hətta onunla 1,5 illik müqavilə imzalanacağı bildirilir.
