19 yanvar 2012 18:53
"Bəzi futbolçular ümidləri doğrultmur"
Azerisport.az sizi “İnter”in əvəzedici komandasının baş məşqçisi Tofiq Mustafayevin müsahibəsi ilə tanış edir.
- Mövsümün ilk hissəsini qiymətləndirməyinizi xahiş edirik. İlk hissə “İnter”in əvəzedici heyəti üçün necə alındı?
- Mövsüm bizim üçün pis başladı. İlk dövrənin ortasında biz itirdiklərimizi geri qaytarmağa başladıq, lakin son matçlarda komanda yenə də təşəbbüsü əldə verdi. Bunun da zədələr, qırmızı və sarı vərəqələr kimi səbəbləri var, ancaq bunlar uğursuzluqlarımıza bəraət qazandırmamalıdı.
- Görünür ki, sizin məşqçilər heyətinə gəlişinizdən sonra komanda oyun tərzini dəyişdi…
- Bilirsiniz, biz “İnter”in əsas komandasının nümayiş etdirdiyi oyunu futbolçularımıza öyrətməyə çalışırıq. Bunun üzərində çox işləyirik və ümid edirəm ki, məqsədimizə çatmaq bizə müyəssər olacaq. “İnter”in baş məşqçisi Kaxaber Tsxadadzenin əvəzedici heyətin bir neçə üzvünün Türkiyə toplanışına aparması sevindirici haldı. Əminəm ki, bu toplanış onlara bir neçə komponentdə artırmağa kömək edəcək.
- Siz komandanın çempionatın ilk hissəsində çox sayda sarı və qırmızı vərəqə almasını qeyd etdiniz…
- Bilirsiniz, intizamsız davranışa görə sarı və qırmızı vərəqə almış futbolçular komandamızın kodeksinə müvafiq olaraq klub tərəfindən cəzalandırılır. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, nizam-intizam uğurun ən əsas tərkib hissələrindən biridi. Futbolçularla söhbətimdə həmişə vurğulayıram ki, komandada nizam-intizam ən vacib faktorlardan biridir. Diqqət yetirin, “İnter”in əsas komandasında nizam-intizam yüksək səviyyədədi. Klubun əsas komandası necə nizam-intizamlı və mütəşəkkil şəkildə oynayır. Onun uğurunun da böyük hissəsinin məhz bundan ibarət olduğunu düşünürəm.
- Bundan başqa, sizin komandaya gəlişinizdən sonra “İnter”in ehtiyat heyətindəki futbolçuların orta yaş həddi də hissediləcək dərəcədə dəyişdi və hazırda əvəzedici heyətə fəal şəkildə Uşaq-Gənclər Futbol Məktəbindən daha aşağı yaş qrupundan futbolçular cəlb edilir.
- Bəli, elədi. Biz çox gənc futbolçulara üstünlük veririk. İndi də baxışda bir neçə gənc futbolçu var. 1995-ci il təvəllüdlü iki futbolçunu komandada saxlamağı düşünürük.
-Amma eyni zamanda əvəzedici heyətin bir neçə daha təcrübəli futbolçusundan daha uğurlu çıxış gözlənilirdi.
- Kədərli haldı ki, bəzi futbolçular onlara olan ümidləri doğrultmurlar. Deyim ki, əgər onlar hətta 1995 və 1996-cı il təvəllüdlü futbolçuların fonunda fərqlənə bilmirlərsə, o zaman onların sonrakı perspektivləri böyük sual altına düşür. Əgər mövsümün sonunadək onlar özlərini göstərə bilməsələr, o halda biz klub rəhbərliyilə birlikdə onların komandadan ayrılmaları məsələsini nəzərdən keçirəcəyik.
- Hazırda komanda “Şəfa” stadionunda təlim-məşq toplanışı keçir. Toplanış barədə məlumat verməyinizi xahişi edirik.
- İndi klubun bazasında toplanış keçiririk. Gün ərzində 3 dəfə məşq edirik, bundan başqa, futbolçular hovuza baş çəkirlər. Toplanışın ilk həftəsini ən çətin və yüklənmiş adlandırmaq olar, ona görə ki, bu mərhələdə futbolçular daha ağır yükləmələrlə üzləşirlər, ancaq sonradan tapşırıqlar bir qədər yüngülləşəcək. İlk həftədə fiziki hazırlığa üstünlük veririk, sonra oyun hərəkətləri və taktikası üzərində çalışacağıq. Biz artıq “İnter”in U-17 komandasıyla yoldaşlıq qarşılaşması keçirmişik. Demək istəyirəm ki, bu görüşdə ağır yükləmələrin fonunda komandamız kifayət qədər yaxşı təsir bağışladı. Futbolçular yorğunluğa üstün gəldilər və funksional planda kifayət qədər yaxşı göründülər. Həmçinin “Rəvan”, “Bakı” və “Qəbələ” klublarının əvəzedici heyətlərilə də yoldaşlıq oyunları keçirməyi planlaşdırmışıq. Son yoxlama oyununu fevralın 2-də keçirməyi düşünürük. Rəqibin adı yaxın günlərdə məlum olacaq.
- Mövsümün ikinci hissəsindən nə gözləyirsiniz?
- Öncə bizə ilk “altılığ”a düşmək lazımdı, sonra isə mövsümü daha yüksək yerlərdə başa vurmağa cəhd göstərəcəyik.
- Bəs, “İnter”in əsas komandasının çıxışı barədə nə deyə bilərsiniz?
- Fikrim belədi ki, mövsümün ilk hissəsində nümayiş etdirdiyi oyun “İnter”ə 2-ci yerdən daha yüksək mövqeyə ümid etməyə imkan verir. Qeyd etmək lazımdı ki, istər futbol dairələrində, istərsə bir çox KİV-də belə düşünürlər və komandamız belə ruhda davam edərsə, o zaman “İnter” cəsarətlə ölkə çempionu ola bilər. (klub saytı)
