20 yanvar 2012 17:06
Qarabağın rəsmisi Realın düşərgəsində
“Qarabağ” tərəqqi və inkişaf yolunda daim fərqli layihələrdən yararlanmağa çalışır. Azerisport.az xəbər verir ki, bir müddət öncə baş məşqçi Qurban Qurbanov “Barcelona”nın düşərgəsinə yollanmışdı.
Bu günlərdə isə klubun fizioterapevti Oktay Gürsoy İspaniyanın digər nəhəng klubu “Real”ın düşərgəsində olub, sahəsiylə bağlı ixtisaslaşma keçib. 1 həftə ərzində bu klubun düşərgəsində olan Gürsoy tibbin futbol üzərində təsiri və yeniliklərlə tanış olub.
Oktay bəyi dinləyək: “Səfərimiz olduqca maraqlı oldu. “Real”ın tibb sistemiylə tanış oldum. Olduqca maraqlı nüanslarla qarşılaşdım. “Real”ın baş həkimi Munyosla söhbətlərim oldu. Eyni zamanda Madrid klubunun tibbi personalının hansı sistemlə çalışdığını öyrəndim. “Real”ın əsas komandasının 1 həkimi və 5 fizioterapevti var. Gördüklərimi təbii ki, öz tibbi personalımızla paylaşacam. Səfər zamanı fürsətdən istifadə edib “El Klassiko”nu da izlədim. Təəssüflər olsun ki, “Barcelona” yenə qələbə qazandı (gülür)”.
