21 yanvar 2012 01:45
Valeri Abramidze: Bu toplanışlar bizə çox kömək edəcək
“İnter”in təcrübəli müdafiəçisi Valeri Abramidze müsahibəsində komandanın keçirdiyi toplanış barədə danışıb, “Karlsrue” komandasıyla baş tutan qarşılaşma haqqında fikirlərini açıqlayıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Arıtq bir neçə gündü komanda təlim-məşq toplanışı keçirmək üçün Türkiyədədi. Bu toplanışın gedişi barədə nə deyə bilərsən?
- Bir neçə gün əvvəl məşqlərə başlamışıq. Futbolçuların çiyinlərinə böyük fiziki yükləmələr düşür. Ancaq buna baxmayaraq uşaqlar səylə məşq edirlər. Böyük həvəslə baş məşqçinin tapşırıqlarını yerinə yetirirlər.
- Komandayla birlikdə toplanışa bir neçə nəfər gənc futbolçu da yollanıb. Bu futbolçular haqqında nə deyə bilərsən? Komandaya uyğunlaşmaları üçün onlara komək edirsiniz?
- Gənc futbolçular əvəzedici heyətdə çıxış edən oyunçulardı. Deyə bilərəm ki, onların hamısı kifayət qədər perspektivli uşaqlardı. Uyğunlaşma barədə onu deyə bilərəm ki, komandamızda elə yaxşı atmosfer hökm sürür ki, heç uyğunlamağa xüsusi ehtiyac da yoxdu. Bizim komandada mehriban atmosfer var və bu şərait hər bir gənc futbolçuya kömək edir.
- Komanda ilk yoldaşlıq matçını keçirdi. Almaniyanın “Karlsrue” komandası ilə görüş haqqında fikirlərini bilmək maraqlı olardı...
- Hazırda biz toplanışın başlanğıç mərhələsindəyik. Oyun ritminə daxil olmağımız üçün bizə vaxt lazımdı. “Karlsrue” kifayət qədər rəğbət doğurdu. Ümumilikdə oyun maraqlı alındı. Bu, bizim ilk yoxlama oyunumuz oldu və məhz buna görə də bir çox səhvlərə yol verdik. Ancaq biz çatışmazlıqlarımız üzərində işləyirik. Çalışacağıq ki, növbəti oyunlarda həmin səhvlərə yol verməyək.
- Toplanışlar çempionat oyunlarına hazırlıq baxımından vacib rol oynayır. Sənin nəzərincə, hazırda keçirilən təlim-məşq toplanışının mövsümün ikinci hissəsində baş tutacaq matçlarda xeyirini görə biləcəyik?
- Mən buna şübhə etmirəm. Uşaqların səylə məşq etdiklərinə nəzər yetirərkən əminliklə deyə bilərəm ki, bu toplanışlar bizə çox kömək edəcək. Biz çempionat oyunlarına tam hazır olacağıq. (klub saytı)
