21 yanvar 2012 01:57
"Məqsədim odu ki, milli komandanın da şərəfini layiqincə qoruyum"
Xəbər verdiyimiz kimi, Azərbaycanın U-21 yığması da Türkiyəyə təlim-məşq toplanışına yollanıb. Azerisport.az xəbər verir ki, bu gün “Neftçi”dən ayrılaraq millinin düşərgəsinə getməli olacaq paytaxt klubunun üzvləri bununla bağlı fikirlərini açıqlayıblar.
Elvin Yunuszadə: "Artıq 10 gündür ki, Antalyada fiziki hazırlıq keçirik. Özümüz də hiss edirik ki, dözümlük cəhətdən artırmışıq. Klub rəhbərliyimizə minnətdaram ki, onlar yığma komanda ilə razılığa gəlib, sabaha qədər flaqmanın düşərgəsində qalmağımıza şərait yaratdı. Çünki, sabah (bu gün) daha bir yoldaşlıq oyunumuz var. Almaniyanın "Dinamo" klubu ilə olduğu kimi, bu görüşdə də meydana çıxmaq istəyirəm. Matçdan sonra isə U-21-in düşərgəsinə yollanacam. Məqsədim odur ki, milli komandanın da şərəfini layiqincə qoruyum".
Ağabala Ramazanov: "Sabahdan U-21-in düşərgəsinə yollanırıq. Hazırlığımızı orada davam etdirəcəyik. Bir az zədəm olsa da artıq məşqlərə başlamışam. Tez bir zamanda bərpa prosesini keçib milli komandanın heyətində meydana çıxmaq istəyirəm".
Elnur Soltanlı: "İlk dəfədi ki, 21 yaşlı futbolçulardan ibarət milli komandaya çağırılıram. Təbii ki, sevincliyəm. Bunda məşqçilərimizin böyük zəhməti var. Onlar etimad göstərib bizi əsas komanda ilə təlimlərə cəlb ediblər. Flaqmanın yetirməsi kimi milli komandada uğurla çıxış etməyə borcluyam".
İlham Allahverdiyev: "Elnur və mən ilk dəfədi ki U21-lə hazırlıqlara çağırılırıq. Gənc futbolçu kimi bu mənim də arzum idi. Klub rəhbərliyimiz sabahkı oyunda bizi heyətdə görmək istədi. Yığma komandanın baş baş məşqçisi Bernard Lippert də bunu isti qarşıladı. Belə yoxlama oyunları təcrübə toplamağımız üçündü".
