21 yanvar 2012 02:39
Qəbələdən ilk məşq, Yaşardan yeni imic (FOTO)
Artıq Antalyaya yollanan “Qəbələ” ötən gün ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, məşqdə zədəsi tam bərpa olunmayan Rövşən Əmiraslanov və Vurğun Hüseynov iştirak etməyiblər.
Gündəlik iki məşqlə hazırlığını davam etdirən “Qəbələ” ilk günün birinci yarısını topsuz çalışmalarla keçirib. Futbolçular əsasən fiziki dözümlülüyü artıran təmrinlər üzərində çalışıblar.
Günün ikinci məşqi isə əsasən toplu çalışmalarla keçirilib.
Bu arada “Qəbələ”nin yarımmüdafiəçisi Yaşar Abuzərov komandanın Antalyadakı ilk məşqinə fərqli imicdə çıxıb. Təcrübəli futbolçu hazırlıq prosesinə dünya futbol praktikasında dəfələrlə rast gəldiyimiz qoruyucu maska ilə qatılıb. Buna səbəb Yaşarın burun əməliyyatından sonra üz nahiyəsini hər hansı bir zərbədən, toxunuşdan qorumaqdı.
Xatırladaq ki, Yaşar Abuzərovun Premyer Liqanın 17-ci turu çərçivəsində Şəmkirdə “Turan”a qarşı matçda Romal Hüseynovla mübarizə zamanı burnundan ağır zədə almışdı və əməliyyat olunmuşdu.
