21 yanvar 2012 17:19
Amit 11 dəqiqə oynadı, Erciyesspor yenə uduzdu (YENİLƏNİB)
Bu gün Türkiyənin Bank Asya birinci liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası evdə “Bucaspor”la qarşılaşıb. Qeyd edək ki,bu oyun öncəsində “Erciyesspor” 27 xalla 5-ci pillədə qərarlaşdığı halda, “Bucaspor” isə 23 xalla səkkizinciydi. Son dövrlər uğursuz çıxışı ilə diqqət çəkən, hətta baş məşqçi dəyişikliyinə də məruz qalan Kayseri təmsilçisi bu oyunda qələbə qazanmağa borclu idi. Amma görüşdə erkən qol vurmasına baxmayaraq, qalan dəqiqələrdə qapısından 3 top buraxan "Erciyesspor" yenə məğlubiyyətlə üzləşib.
Bir ara komandasının əsas heyət oyunçularından birinə çevrilsə də, son matçlarda az görünən Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Maraqlıdı ki, ötən oyunda ona şans verməyən yeni baş məşqçi Kemalettin Şentürk bu dəfə də futbolçumuzu ehtiyatda saxlayıb. Baş məşqçi futbolçumuzu yalnız 79-cu dəqiqədə meydana buraxsa da, Amit heç nə ilə komandasına kömək edə bilməyib.
Türkiyə Bank Asya birinci liqası
18-ci tur
21 yanvar
Erciyesspor - Bucaspor - 1:3 (1:0)
Qollar: Emrah Bozkurt, 18 - Mehmet İncebacak, 63, Zafer Çevik, 67, Emre Güral, 90.
