21 yanvar 2012 12:42
Vobay Neftçiyə keçə bilərmiş
Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Julius Vobay Azərbaycanda özünə yeni klub axtarır. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi ilə müqaviləsinin müddəti başa çatan legioner futbolçu lənkəranlılarla təkrar anlaşma əldə edə bilməyib.
Məsələ burasındadı ki, o, cənub klubundan yeni müqavilə üçün 500 000 avro tələb edib. Lakin təbii ki, Lənkəran klubu onun bu tələbini həyata keçirməyib. Bu üzdən də Vobayın “Xəzər Lənkəran”dan getməsi istisna olunmur.
Maraqlıdı ki, Vobayın “Neftçi”yə də keçidi mümkün imiş. Amma son ölkə çempionu da futbolçuya istədiyi məbləği verməyə razı olmayınca, danışıqlar baş tutmayıb. “Bakı”nın da imtina etdiyi Vobay hazırda axtarışlarını davam etdirir. Əgər o, qiymətini aşağı salmasa, güman ki, Azərbaycanı tərk etməli olacaq.
