23 yanvar 2012 01:10

Novruz Əzimov: Bakının çıxışı qənaətbəxş deyil

“Bakı”nın ikinci məşqçisi Novruz Əzimov barədə geniş danışmağa ehtiyac yoxdu. Azerisport.az xəbər verir ki, “Bakı”nın tarixini bilənlər onun bu klub üçün özəl bir insan olduğundan xəbərdardı.
 
Əzimov təkcə yaxşı futbolçu olmağı ilə yox, həm də vətənpərvərliyi ilə də yaddaşlarda qalıb. Onun 1988-ci ildə rus əsgərlərinə etiraz etdiyi üçün həbs edilməsi, sonradan Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi bütün futbol ictimaiyyətinə bəllidi. Həmin dövrdə yaşıl meydanlardan çox döyüş meydanlarında döyüşən futbolçunun karyerası və məşqçi fəaliyyətini öz dili ilə bir daha gözdən keçirməklə onu yaxından tanıyaq:
 
“Mən Mehdiabad qəsəbəsində böyüsəm də,  Laçın rayonunun Alıqulu kəndində doğul-muşam. Amma Mehdiabadda böyüdüyümdən oraları elə də yaxşı tanımıram. Kasıb bir ailədə doğulmuşam. Futbolla məşğul olmağa məni böyük qardaşım dəstəklədi. Onun köməkliyi ilə futbola bağlandım. 1974-cü ildə qəsəbəmizdən futbola 5 nəfər gedirdi. Onlardan yalnız mən sona qədər davam gətirib istəyimə nail oldum.  1982-1992-ci illərdə "Neftçi"nin heyətində çıxış etmişəm. Bu müddət ərzində 146 oyunda meydana çıxıb 5 qol vurmuşam.
 
1992-ci ilin martında könüllü olaraq, cəbhəyə yollandım. Amma onu da deyim ki, mayın 2-si, ya 3-ü Bakıya ezamiyyətə gəlmişdim. Şuşa alınan gün, 1992-ci il may ayının 8-də ilk milli çempionatın açılış turunda Sumqayıt “Xəzər”inə qarşı “Neftçi”nin formasını  geyindim. Səhərisi isə tək öz maşınımla yollandım Laçına.O vaxtlar Arif Paşayevin rəhbərlik etdiyi 811-ci Laçın alayının tərkibində döyüşürdüm.. Laçınlı olmağım da müharibəyə yollanmağımda rol oynayıb.
 
İlk məşqçi fəaliyyətim “Kəpəz”də olub. 1997-ci ildə bu komandada oynayan məşqçi funksiyasını yerinə yetirirdim. İndi də yaxın dostluq münasibətlərində olduğum Mehman Allahverdiyevə kömək edirdim. Eyni zamanda  Gəncə Dəmir Yol Nəqliyyatında, Polis İdarəsində Baş əməliyyat müvəkkili işləyirdim. Baş məşqçi kimi isə, ilk iş yerim “Bakı”nın sələfi “Dinamo”da olub.
 
1997-ci ilin mayında mən futbolçu karyeramı bitirdim. “Qartal -95” və “Polis Akademiyası” komandalarının birləşdirilməsindən sonra Yaşar Seydovun rəhbərliyi ilə yeni “Dinamo” klubu yaradıldı. Həmin vaxt mən Polis Akademiyasında qiyabi təhsil alırdım. Elə oldu ki, yeni yaradılan komandaya rəhbərlik etmək mənə həvalə olundu. Məşqçilikdən əlavə, klubun yara-dılmasında mühüm xidmətlərim oldu. Onun nizamnaməsini və Ədliyyə Nazirliyində qeydiy-yatdan keçirilməsini təşkil etdim. Səttarxan adına Maşınqayırma Zavodunun stadionundan baza kimi istifadə edirdik. İlk ilində komanda ölkə çempionatının gümüş medallarını qazandı. 1998-ci ildə yenidən “Kəpəz”ə qayıtdım. İlk dəfə məşqçi kimi burada çempion olduq, kuboku qazandıq. 2002 -2006-cı illərdə yenidən “Dinamo”da (sonradan “Bakı”) çalışdım. 2006 - 2010-cu illərdə isə paytaxtın “Olimpik” klubunda köməkçi məşqçi kimi işləyəndən sonra yenidən doğma klubuma qayıtdım.
 
Məşqçi fəaliyyətimə baxanda daha çox köməkçi məşqçi kimi işləmişəm. Bundan heç vaxt utanmamışam, əksinə, fəxr etmişəm. Baş məşqçi kimi hələlik yalnız “Dinamo”da işləmişəm. Həmin vaxt əsasən gənclərlə təcrübəli futbolçuların sintezini yaratmışdım. Emin Quliyev, Namiq Həsənov, Fərrux İsmayılov kimi gənclərlə yanaşı, Arif Əsədov, Yaşar Vahabzadə kimi təcrübəli futbolçuları birlikdə oynatmışam. Sonradan heyətə cəlb etdiyim gənclər milli komandamızın əvəzedilməz oyunçularına çevrildi. Demək istəyirəm ki, baş məşqçi kimi nailiyyətlər qazanmışam. Baş məşqçi işləməməyim həyatın gedişindən asılı oldu.
 
Köməkçi məşqçi işinin də öz xüsusiyyətləri var. Sənin öz fikirin olmalıdır. Lazım olanda baş məşqçiyə fikrini çatdıra bilməli, onu əsaslandırmalısan. Məşqçi daha çox futbolçularla ünsiyyətdə olur. Onların böyük qardaşı funksiyasını yerinə yetirir. Futbolçu oyun zamanı verilən tapşırığı yerinə yetirməlidir.  Oyunun gedişində məşqçi məni çağırıb “Zarya” Varaşilova qarşı oyunda meydana buraxdı. Tapşırıq verdi ki, “Zarya”nın 10 nömrəli futbolçusuna nəzarət edim. Mən meydana çıxanda isə həmin futbolçu əvəz edilmişdi. Bunu gözdən qaçırdığım üçün ilk 5 dəqiqədə meydan boyu onu axtarırdım. Epizodların birində isə kapitan məni canlı səddə durmağa çağıranda ona dedim ki, mən 10 nömrəni tuturam. O isə gülüb, “10 nömrə meydanda yoxdur” -dedi.
 
Karyeramda daha bir maraqlı hadisə Ermənistanda baş verib. 1985-ci ildə İrəvana oyuna getmişdik. Mehmanxanada qalırdım. Şəhəri gəzməyə çıxanda otağın açarını itirdim. Xidmətçilərdən otağın qapısını açmağı tələb edəndə onlar məndən 15 rubl pul istədilər. Təzə açar üçün isə 25 rublumdan keçməli idim. Pul verməmək üçün yuxarı qalxıb qapını təpiklə sındırdım. Beləliklə 25 rublum cibimdə qaldı.
 
1986- cı ildə yenə də Ermənistana yolumuz düşdü. “Ararat”la oynayırdıq. Ermənilərin qapısına vurduğum qol oyunda yeganə oldu və biz qalib gəldik.
 
“Neftçi”nin heyətində SSRİ Yüksək liqasında sonuncu qolu rəqib qapısından mən keçirmişəm. Bu hadisə 1988-ci ildə  Kiyevdə baş verdi. “Dinamo” ilə oyunda  Yunis Hüseynov standart vəziyyətdən topu  mənə ötürdü, mən isə qol vurdum. Bu qol sonradan tarixi qol kimi yaddaşlarda qaldı.
 
Uşaq futboluna son zamanlar böyük diqqət ayrılıb. Ölkə başçısı cənab İlham Əliyevin 2005 - 2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair dövlət proqramının qəbulundan sonra bu sahədə böyük işlər görülür. Qeyd edim ki, bu sahədə ilk təklifləri də mən ortaya çıxarmışam. 2005-ci ildə AFFA- ya göndərdiyim təkliflər planında bu sahənin inkişaf etdirilməsi yolları barədə fikirlərim öz əksini tapıb.
 
Təəssüf ki, bu günə qədər federasiya bu təkliflərə hər hansı bir reaksiya verməyib. Uşaq futbolu ilə bağlı “Bakı”nın gördüyü işlər xüsusilə diqqətəlayiqdir. 5-6 ildən sonra bu nəticə verəcək. Uşaqlara məsləhətim budur ki, təbii örtüklü meydançalarda məşq etsinlər. Unutmasınlar ki, süni meydançalar  insanın hərəkət aparatına pis təsir edir.
 
Futbolu sevməkdən başqa zəhmət çəkmək lazımdır. Futbolçulardan bəzən eşidirəm ki, deyirlər biz əziyyət çəkirik. Məncə bu yanlış fikirdir. Futbolu sevirsənsə, sən əziyyət yox zəhmət çəkirsən.  Arzu edirəm ki, futbolla bağlı hər bir insan işinə vicdanla yanaşsın. Əsas komandanın çıxışı qənaətbəxş deyil. İnanıram ki, yaxın vaxtlarda biz öz gücümüzü ortaya qoya biləcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.