23 yanvar 2012 14:22
Realda qalmaqal: Joze Mourinyo futbolçularla dalaşdı
İspaniya kubokunun 1/8 final mərhələsində “Real” və “Barcelona” klubları arasındakı ilk oyundan sonra Joze Mourinyo və “Real”ın bəzi futbolçuları arasında narazılıq yaranıb. Azerisport.az xəbər verir ki, doğma meydanda 1:2 hesablı məğlubiyyətdən sonra baş məşqçi futbolçuların otağına gəlib və onları danlamağa başlayıb:
“Düzdü, siz ispanlar dünya çempionu olmusunuz. Amma jurnalistlər sizdən istifadə edirlər”.
Bu zaman ispan müdafiəçi Serxio Ramos etirazını bildirib. Ramos portuqaliyalı mütəxəssisə futbolçuların fikrini öyrənmədiyini deyib və Mourinyonun hər şeyi qəzetlərdən xəbər tutduğunu söyləyib. Bundan əlavə, o, oyundakı taktikaya da toxunaraq, Mourinyonun heç vaxt futbol oynamadığından, bəzi şeyləri bilmədiyini də vurğulayıb.
“Real”ın qapıçısı İker Kasilyas da mübahisəyə qoşulub. O Mourinyonun ona söz atmasına cavab olaraq məşqçiyə sözü üzə deməyi məsləhət bilib.
