23 yanvar 2012 14:46
Superliqa klubu baş məşqçisiz qaldı
Futbol üzrə Türkiyə Superliqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, bu dəfə baş məşqçisiylə yollarını ayırmaq məcburiyyətində qalan “Samsunspor” olub.
Belə ki, Samsun təmsilçisi çempionatdakı uğursuzluqların qarşılığında Vladimir Petkoviçlə yollarını ayırmağa qərar verib. Qaradəniz klubu bosniyalı ilə müqaviləyə xitam verib.
Amma bu qərar bir qədər gözlənilməz olub. Məsələ burasındadı ki, həftəsonu “Samsunspor” doğma meydanda “Orduspor”la qarşılaşmada 2:0 hesabıyla qələbə qazanmışdı. Bu üzdən baş məşqçinin qovulması çoxları üçün sürpriz olub.
Komandanı növbəti turun “Manisapor”la oyununa köməkçi məşqçi Burak Dilmen çıxaracaq. Yeni baş məşqçinin kimliyi isə yaxın müddətdə müəyyənləşəcək.
Sonda onu da qeyd edək ki, “Samsunspor” 16 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə Superliqanı tərk etməyə əsas namizədlərdən hesab olunur.
