23 yanvar 2012 16:50
“Sanki başqa bir dünyaya düşmüşəm”
“Bakı” bu gündən etbarən hazırlıqların ikinci mərhələsinə start verib. Azerisport.az xəbər verir ki, Antalyaya yollanan komandanın heyətində gənc futbolçuların çoxluğu diqqəti cəlb edir.
İlk dəfə təlim-məşq toplanışına qatılan 18 yaşlı hücumçu Tural Qürbətov əsas komandada debütü və hazırlıqların gedişi ilə bağlı fikirlərini belə izah edib:
“İlk dəfədi ki, əsas komanda ilə təlim-məşq toplanışında iştirak edirdim. Burada məşqlər fərqlidi. Məşqlərimiz mənim üçün ağır olsa da, usta futbolçularla bir yerdə olmaq mənə çox şey öyrədir. Yoldaşlıq oyunlarında rəqiblərimiz çox güclü komandalar idi. Məğlub olduğumuz üçün üzgunəm, digər tərəfdən isə bu oyunlar mənim üçün böyük futbol mənası daşıyır. Dünya səviyyəli oyunçulara qarşı oynamaq, əlbəttə ki, çətindi. Ancaq bu əvəzsiz xatirədi. Sanki başqa bir dünyaya düşmüşəm. Ancaq mən buna hazıram.
“AZ Alkmaar”a qarşı meydana çıxmaq böyük məsuliyyət tələb edir. Xoşbəxtəm ki, məşqçimiz Aleksandr Starkov mənə belə bir imkan yaratdı. Komanda yoldaşlarımdan geri qalmamağa çalışıram, onlardan çox şey öyrənirəm. Bundan da sonra var gücümlə çalışacağam ki, əsas komanda oynamaq haqqı qazanım”.
