23 yanvar 2012 18:21
“Əminəm ki, onunla işləmək çox xoş olacaq”
“Bakı”nın sabiq hücumçusu Vyaçeslav Sofroni yenidən Azərbaycan çempionatına qayıdıb. Azerisport.az xəbər verir ki, bir müddət Moldovada çıxış edən forvard “Simurq”la anlaşıb.
O, saytımıza müsahibəsində Zaqatala klubuna transferindən danışıb: “Simurq”a keçidimdə heç bir gözlənilməzlik yoxdu. Çünki bu komanda məni hələ yayda öz sıralarında görmək istəyirdi. Lakin o vaxt danışıqlarımız alınmadı. Təkcə maliyyə cəhətdən yox, həm də anlaşmanın müddəti çox az idi. Bu dəfə isə hər şeydə razılığa gələ bildik. Şübhəsiz ki, Azərbaycan və bu ölkənin futbolu mənim üçün yeni deyil. Düzdü, karyeramı ölkənizdə davam etdirməyim üçün “Simurq”la yanaşı başqa variantlar da vardı. Amma indi artıq gecdi və bu haqda danışmaq da mənasızdı. Sadəcə, onu deyə bilərəm ki, onların arasında “Simurq”dan güclüləri də vardı, zəifləri də”.
Sofroni yeni komandasından da danışıb: “Fikrimcə, bu komandanın yaxşı perspektivi var. Sergey Yuranla da tanış oldum. Əminəm ki, onunla işləmək çox xoş olacaq. O, yaxşı kollektiv yaradıb. Mən “Simurq”a tez uyğunlaşdım. Özümə elə gəlir ki, sanki bütün həyatım boyu bu komandada çıxış edirmişəm. Ümid edirəm ki, bu komandaya transferim faydalı olacaq”.
