23 yanvar 2012 19:23
Neftçinin məşqçiləri Türkiyə toplanışından danışdılar
“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Elşad Əhmədov Antalya təlimləri barədə klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Hazırlıqlarımız yüksək səviyyədə davam edir. Səhər idmanı daxil olmaqla gündə 3 məşqimiz olur. Qarşıda 3 yoldaşlıq oyunumuz var. İlk rəqibimiz Rusiyanın "Dinamo" klubunun əvəzedici heyətidi. Buradakı təlimlərimizə aşağı yaş qrupu komandalarından 7-8 futbolçu cəlb etmişik. Yoxlama oyunlarında onları da sınayacağıq. Bu futbolçular əvəzedici heyətə düşməyə namizəddi. Bizim işimiz əsas komandaya layiqli futbolçu hazırlamaqdı. Təkcə "Neftçi"də əvəzedici heyətə Antalyada hazırlıq keçmək imkanı yaradılıb. Çalışacağıq ki, klub rəhbərliyinin bu etimadını doğruldaq".
Əvəzedici komandanın məşqçisi Səttar Əliyev də fikirlərini bölüşüb: "Səhər məşqlərimizi fiziki təmrinlər üzərində qurmuşuq. Axşam isə futbolçulara əsasən toplu çalışmalar veririk. Hər bir futbolçu anlayır ki, əsas komandaya keçmək üçün öz komanda yoldaşları ilə sağlam rəqabət aparıb qalib gəlməlidir. Rəhbərlik tərəfindən bu qayğını görən futbolçular daha səylə və ruh yüksəkliyi ilə məşq edir. Bu dəfə 6 futbolçumuz əsas komanda ilə hazırlıqlara qoşuldu. Yaxın gələcəkdə bu say daha da artacaq".
Əvəzedici komandanın məşqçisi Vitali Kovalyov: "İki qapıçımız Əyyub Əliyev və Rəşad Əzizli əsas komanda ilə hazırlıqlara cəlb olunmuşdu. Sözsüz ki, bu onlar üçün böyük təcrübə oldu. Antalya təlimlərimiz başlayandan sonra onlar əvəzedici heyətin düşərgəsinə gəldi. Çünki qarşıda yoldaşlıq oyunlarımız var. Hər ikisi gənc və perspektivlidi. Öz üzərlərində çalışsalar, yaxın gələcəkdə onları da "Neftçi"nin əsas heyətində görə biləcəksiniz".
