24 yanvar 2012 19:02
Bakının Uinston Parks həsrəti bitmək üzrədi
Dünən Türkiyəyə yollanan “Bakı” bu gündən etibarən hazırlıqların ikinci hissəsinə start verib. Azerisport.az xəbər verir ki, baş məşqçi Aleksandr Starkov rəhbərliyində bir araya gələn "Bakı" taktiki və fiziki təmrinlər üzərində çalışmalarını davam etdirir.
Antalyanın "Maxx Royal" otelində məskunlaşan "zolaqlılar” gündə 2 məşqlə verilən tapşırıqlar üzərində işləyirlər. Bu arada zədə səbəbindən komandadan ayrı düşən futbolçuların sağlamlığının yaxshiliğa doğru dəyişməsi xəbərləri gəlir. "AZ Alkmaar"la oyunda damarı dartılan Uinston Parks və sümük zədəsi səbəbi ilə meydanlardan kənar qalan Elvin Əliyev müalicələrini davam etdirirlər.
Hər iki futbolçu son günlər ərzində İstanbul Acıbadem Fulya Hastanesi Spor Sağlığı Merkezi’nde müalicə aldıqdan sonra düşərgəyə qayıdıblar. Uinston Parksın yaxın günlərdə intensiv məşqlərə qatılacağı təxmin edilir. Elvin Əliyev isə müalicəsini daha 2 həftə ərzində davam etdirəcək.
Sonda onu da əlavə edək ki, komanda 2 gün sonra daha bir yoldaşlıq oyunu keçirəcək. 26 yanvar 2012-ci il tarixində rəqib Rumıniyanın "Panduri" klub olacaq.
