25 yanvar 2012 16:35
Real Mourinyonu göndərib, onu gətirir
İspaniyanın “Real” klubu baş məşqçisi Joze Mourinyo ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, bu gün Avropa mətbuatının yaydığı xəbərlərdə bildirilir ki, portuqaliyalı mütəxəssin Madrid klubundan istefaya göndərilməsi gündəmə gəlib.
“Real”a gəldiyi gündən daha çox “Barcelona” ilə oyunlardakı ciddi uğursuzluqlar səbəbindən tənqid olunan Mourinyo bir sıra davranışları və açıqlamaları ilə də zaman-zaman həm klub rəhbərliyinin, həm də azarkeşlərin və futbol ictimaiyyətinin qınaq obyektinə çevrilib. Ötən həftə Kral Kuboku çərçivəsində “Barcelona”ya növbəti məğlubiyyətdən sonra isə bu mütəxəssisin futbolçularla da münasibətlərinin pozulduğu barədə xəbərlər yayılmağa başladı. Guya artıq komandada Mourinyo ilə uğur qazanılacağına dair inam yoxdu. Halbuki, “Real” La Liqada hazırda birinci pillədə gedir.
Amma bu gün keçiriləcək “Barcelona” ilə kubokun cavab qarşılaşması Mourinyo üçün sonuncu da ola bilər. Məsələ burasındadı ki, bu oyunda dönüş yarada bilməyəcəyi və növbəti məğlubiyyətlə üzləşəcəyi halda, portuqaliyalı mütəxəssis Madrid klubundan qovula bilər.
Artıq Avropa mətbuatı Mourinyonu kimin əvəzləyəcəyini də açıqlayıb. Belə ki, “Real”ı Jozedən sonra hazırda İngiltərənəni “Arsenal” klubunun sükanı arxasında olan Arsen Venger çalışdıra bilər. “Dailymail”in son iddiasına görə, “Real” fransız mütəxəssisə hələ 2009-cu ildə də dəvət göndərdiyi halda, buna rədd cavabı almışdısa, bu dəfə vəziyyət fərqlidi. Çünki son illərdə London klubu ilə ciddi uğurlar qazana bilməyən Vengerin də “Arsenal”dakı işləri yaxşı getmir. Bu üzdən də onun “Real”ın bu dəfəki təklifini müsbət cavablandırması tam mümkündü.
Sözügedən xəbərlər arasında Almaniya yığma komandasının baş məşqçi Yoahim Lövün də Mourinyonu əvəzləməsinin mümkünlüyünə toxunulub.
