25 yanvar 2012 12:12
Superliqada daha bir gözlənilməz istefa
Futbol üzrə Türkiyə Superliqasında daha bir baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, bu dəfə “Manisaspor” başsız qalıb.
Buna sözügedən komandanın son turun dünən baş tutan “Samsunspor”la ev oyununda xal itirməsi səbəb olub. Belə ki, 11 turdu qələbə qazana bilməyən komandasının bu dəfə də 3 xala həsrət qalması baş məşqçi Kemal Özdeşin istefasıyla nəticələnib.
Halbuki, onun istefası bir qədər gözlənilməz də olub. Çünki bütövlükdə, “Manisaspor”un durumu o qədər də pis dəyərləndirilə bilməzdi. Amma Kemal Özdeş dünənki oyundan sonrakı açıqlamasında istefasından danışarkən, “bu gün qələbə qazansaq da, istefa verəcəkdim” deyib.
Maraq üçün bildirək ki, “Manisaspor” 22 turdan sonra hazırda 26 xalla 12-ci pillədə qərarlaşıb. Komandanın yeni baş məşqçisinin kim olacağı isə bəlli deyil.
