26 yanvar 2012 11:48
Könüllülük Proqramının təqdimatı (FOTOREPORTAJ)
AAA - ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin ofisində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 çərçivəsində “Könüllülük” Proqramının təqdimatı keçirilib. Azerisport.az xəbər verir ki, tədbir iştirakçıları 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixlərində Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına hazırlıq, könüllülük proqramı və iş imkanları haqda geniş məlumat əldə ediblər.
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin koordinatoru Nərgiz Məmmədova və Yerli Təşkilat Komitəsinin Könüllülük üzrə direktoru Vüqar Rüstəmli bildiriblər ki, planlara əsasən, çempionata yerli və xarici olmaqla 1000-ə yaxın könüllünün cəlb edilməsi nəzərdə tutulub. Könüllülər yalnız oyun günləri dəstək üçün yox, həmçinin stadionda və onun ətrafında hərarətli bir dostluq mühiti yaratmaq üçün Yerli Təşkilat Komitəsinə köməklik göstərəcəklər. Könüllülər komandası yaş, din, cins və milli mənsubiyyətə fərq qoymadan formalaşdırılacaq. Beynəlxalq könüllülər komandasında üzv olmaq üçün 18 yaşın tamam olması, Azərbaycan və ingilis dillərini bilmək kifayətdi. Qeyd olunub ki, hər bir könüllü bir neçə üstünlüklərə sahib olacaq: könüllülər üçün xüsusi hazırlanmış uniforma; xidmət günlərində qida və içkilər; FIFA və Yerli Təşkilat Komitəsi tərəfindən təşkil ediləcək peşəkar təlimlər; xidmət günlərində ictimai nəqliyyatdan ödənişsiz istifadə; FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin beynəlxalq könüllülük sertifikatı; könüllülər üçün təşkil edilmiş müxtəlif tədbirlərdə iştirak; könüllü komandası ilə birlikdə ölkədaxili səfərlər və könüllülər üçün xüsusi hazırlanmış digər əyləncəli tədbirlər.
Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər bir şəxs linkə keçid edərək daha ətraflı məlumat əldə edə bilər və qeydiyyat formasını doldurub [email protected] e-mail ünvanına “FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012/Könüllülük” başlığı altında yollaya bilərlər.
Məlumat üçün onu da qeyd edək ki, çempionatda könüllü kimi iştirak edəcək gənclərin daha da hazırlıqlı və məlumatlı olması üçün ali təhsil müəssisələrində, QHT-lərdə, səfirliklərdə, şirkətlərdə və bu kimi digər qurumlarda yanvar ayından başlayaraq mütəmadi təqdimatlar keçirilməkdədi.
