26 yanvar 2012 12:21
Joze Mourinyo: Bunun səbəbini futbolçulardan soruşun
Futbol üzrə İspaniya kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən və 2:2 hesabıyla bitən “Barcelona” – “Real” oyunundan sonra qonaqların baş məşqçisi Joze Mourinyo fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, ilk oyunda 1:2 hesabıyla uduzduqları üçün kubokdan kənar qalan Madrid təmsilçisinin portuqaliyalı çalışdırıcısı bunları dilə gətirib:
“Hakimlərlə bağlı heç nə danışmayacağam. Sadəcə, paltardəyişmə otağında futbolçularımın burada qələbə qazanmağın mümkünsüzlüyündən danışdığını eşitdim. Halbuki, bura məhz “Nou Kamp”da qələbə qazanmaq, mərhələ adlamaq ümidi ilə gəlmişdik. Çətin olacağını bilsək də, ümid vardı. Futbolçuların qələbəyə inanmamasının səbəbini isə özlərindən soruşun”.
