26 yanvar 2012 00:26
“Turanın yaşaması üçün 800 min dollar lazımdı”
“Turan”ın prezidenti Musa Süleymanov Tovuz klubundakı maliyyə böhranı və komandanın taleyinin qeyri-müəyyənliyi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandanı saxlamaq üçün pulunun olmadığını bəyan edib.
“Məşqlər keçirilmir. Mən komandanın futbolçularını da başa düşə bilmirəm. Onlar gedib özlərinə yeni klub axtarırlar. Oyunçularımız kluba dəstək vermək əvəzinə, fərqli işlə məşğuldular. Ümid edirəm ki, hər şeyə rəğmən, Tovuz klubuna kömək əlini uzadan tapılacaq. Mən bu şəhərdə futbolun yaşamasını çox istəyirəm. Amma hazırda klubu saxlaya bilmirəm. Söhbət təkcə futbolçulara ödənəcək pullardan yox, həm də kommunal xərclərdən gedir. Axı yaşayış, səfərlər və sair üçün də xərclər lazımdı. Komandanı mövsümün sonuna kimi Premyer Liqada saxlamaq üçün 800 min dollar lazımdı”.
Süleymanov vaxtilə “Turan”ı öhdəsinə götürdüyünə görə təəssüflənmədiyini bildirib: “Buna görə təəssüflənmirəm, komandanın yaşamasını istəyirəm. Kimsə mənim Tovuzdakı işimi davam etdirmək istəsə, klubu ona verərəm. Amma istefa verməmişəm. Komanda yenə də mənimdi. Yaxın zamanlarda “Turan”a yeni avtobus gətiriləcək. Hansı ki, bu, İspaniyanın “Barcelona” klubunun avtobusunun oxşarıdı. Hər bir şeylə təmin olunmuş olan avtobus 400 min dollar dəyərindədi. Onu bizə bir kompaniya hədiyyə edib”.
“Mən görmüşəm ki, dünyada futbol bir biznesdi. Amma Azərbaycan futbolunda ancaq pul xərcləmək var, gəlir yoxdu”.
