27 yanvar 2012 17:31
Turanda yeni baş məşqçi
Tovuzun icra başçısı Tofiq Zeynalovun “Turan”a sahib çıxması barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Musa Süleymanovun klubu maliyyələşdirməkdən imtina etməsindən sonra icra başçısı komandanı saxlamaq qərarına gəlib.
Bu “Turan” ətrafında yeni qarışıqlığın yaranmasına səbəb olub. Qanunla klubun sahibi olan Musa Süleymanov “Turan”dan imtina etmək niyyətində deyil. Süleymanov kluba nəzarət etmək istəyir. Amma pulu başqa şəxslərin ödəməsi şərti ilə…
Tofiq Zeynalov isə komandanı bütövlükdə öz nəzarətinə keçirməkdə maraqlıdı. Bu səbəbdən də “Turan” ətrafında yeni “soyuq müharibə”nin əsası qoyulub. Hətta bu gün Tovuz rayon İcra Hakimiyyətində Tofiq Zeynalov komanda üzvləri ilə iclas keçirib. İclasda kluba nəzarət rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərova tapşırılıb. Komandaya Rasim Əliyev baş məşqçi təyin olunub. Ona Eltay Aslanov kömək edəcək.
Amma toplantıya “Turan”ın prezidenti Musa Süleymanov və baş məşqçisi Əsgər Abdullayev dəvət olunmayıb. Bu vəziyyətin hansı yerdə olduğunu göstərir. Təbii ki, klubun sahibi olan Musa Süleymanov bu durumu qəbul etməyəcək. Belə olan halda “Turan”ın gələcək aqibəti həqiqətən maraq doğurur.
