29 yanvar 2012 19:56
Amit 73 dəqiqə oynadı, komandası uduzdu (YENİLƏNİB)
Bu gün Türkiyənin Bank Asya birinci liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası səfərdə “Konyaspor”la qarşılaşıb. Qeyd edək ki, bu oyun öncəsində “Erciyesspor” 27 xalla 6-cı pillədə qərarlaşmışdı. Elə Konya təmsilçisi də eyni xalla "Erciyesspor"un gerisində qərarlaşmışdı. Bu üzdən də sözügedən qarşıdurmanı 6 xallıq oyun da adlandırmaq olardı. Qarşılaşmanın taleyini 1 top həll edib ki, onu da meydan sahibləri vurublar.
Bir ara komandasının əsas heyət oyunçularından birinə çevrilsə də, son matçlarda az görünən Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Nəhayət ki, futbolçumuz bu oyunda yenidən start heyətdə yer almağı bacarıb. Amit 45-ci dəqiqədə sarı vərəqə almaqla "fərqlənib". Komandası qol buraxdıqdan az sonra isə (73-cü dəqiqədə) baş məşqçi Kemalettin Şentürk onu oyundaşı ilə əvəzləyib.
Türkiyə Bank Asya birinci liqası
19-cu tur
29 yanvar
Konyaspor – Erciyesspor - 1:0 (0:0)
Qol: Serkan Şahin, 69.
