30 yanvar 2012 15:08
Sumqayıtın qapıçısı sıraya qayıdır
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət milli komandanın heyətində zədələnən “Sumqayıt” Futbol Klubunun qapıçısı Emil Balayev Türkiyənin paytaxtı Ankara şəhərində əməliyyat olunmuşdu. Azerisport.az xəbər verir ki, artıq Bakıya qayıdan qolkiper 1 həftədən sonra komanda ilə məşqlərə başlayacaq.
Balayev klubun rəsmi saytına fikirlərini bildirib: “Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə U-19-un heyətində məşqlərin birində zədələndim. Bu səbəbdən Türkiyədə əməliyyat keçirdim. Özümü indi yaxşı hiss edirəm və sərbəst gəzə bilirəm. Komanda ilə Antalyadakı toplanışa yollanmadığım üçün çox təəssüflənirəm. Gələn həftədən etibarən məşqlərə başlayacağam. Təxminən 3 həfdədən sonra hazır olacağıma inanıram”.
