31 yanvar 2012 15:07
A Seriyasında daha bir baş məşqçi dəyişikliyi
Futbol üzrə İtaliya A Seriyasında növbəti baş məşqçi dəyişikliyi gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Novara” rəhbərliyi komandanın uğursuz çıxışına son qoymaq məqsədilə Attilio Tesseranı istefaya göndərib.
Artıq Tesseranı kimin əvəzləyəcəyi də müəyyənləşib. Belə ki, “Novara”nı bundan sonra Emiliano Mondoniko çalışdıracaq.
Qeyd edək ki, Tessera 2009-cu ildən “Novara”nı çalışdırırdı. O, iki mövsüm ərzində komandanı üçüncü diviziondan A Seriyasına daşımışdı. Lakin elitadakı işlərinin yaxşı getməməsi ona baha başa gəlib. Çünki komanda 20 turdan sonra sonuncu pillədə qərarlaşıb. Cəmi 2 qələbəsi olan “Novara” 12 xal toplaya bilib. “Palermo”ya son turda 0:2 hesablı yenilgi Tesseranın son oyunu oldu. Mondonikonun komandanı bu uğursuzluqdan xilas edib-etməyəcəyini isə zaman göstərəcək.
