31 yanvar 2012 19:04
Neftçi istəyinə çatdı
Xəbər verdiyimiz kimi, hazırda Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turniri keçirilir. Azerisport.az xəbər verir ki, sözügedən turnirin qrup mərhələsinin son oyunları fevralın 1-də keçiriləcək.
Həlledici oyunlar öncəsi “Neftçi” rəhbərliyinin turnirin təşkilat komitəsinə müraciət ünvanlanmağa hazırlaşdığını da bildirmişdik. Belə ki, “ağ-qaralar” B qrupunun son iki matçının eyni vaxtda keçirilməsini istəyirdilər.
Məsələ burasındadı ki, öncədən nəzərdə tutulan plana əsasən “Neftçi”nin Özbəkistan “Paxtakor”u ilə görüşü Türkiyə vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaqdı. Qrupun digər oyunu - “Metallist” (Xarkov, Ukrayna) – “Poloniya” (Polşa) görüşü isə bundan xeyli sonra (16:00-da) start götürməliydi.
Qeyd edək ki, hazırda bütün komandaların eyni xalı (3) var və hər birinin finala çıxmaq şansı qalmaqdadı. Bu üzdən də bakılılar hər iki oyunun eyni vaxtda keçirilməsinin daha ədalətli olacağını bildirirdilər. “Neftçi” bu istəyini artıq təşkilat komitəsinin nəzərinə çatdırıb və qarşı tərəfdən razılıq da alıb. Belə ki, sözügedən qarşılaşmaların hər ikisi 17:00-da başlayacaq.
