1 fevral 2012 18:50
Neftçi Paxtakoru üç cavabsız qolla keçdi, finala çıxa bilmədi (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turniri davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycanı sözügedən turnirdə son ölkə çempionu “Neftçi” təmsil edir.
“Ağ-qaralar” Ukraynanın "Metallist" (Xarkov), Polşanın "Poloniya" və Özbəkistanın "Paxtakor" klubları ilə birgə B qrupunda yer almışdı. "Neftçi" ilk oyununda “Metallist”lə üz-üzə gəlmiş və meydandan məğlub ayrılmışdı – 1:3. “Poloniya” ilə görüşdə isə “ağ-qaralar” eyni hesabla qələbə qazanmışdılar – 3:1.
Bu gün isə Böyükağa Hacıyevin yetirmələri “Paxtakor”la münasibətlərinə aydınlıq gətirib. Hansı ki, bu komanda ilk oyununda “Poloniya”ya 1:2 hesabıyla yenilmişdi. Lakin ardından “Metallist”ə qalib gəlmişdi (1:1, penaltilərlə 3:2). Azərbaycan çempionu isə vaxtilə tez-tez qarşılaşdığı bu komandaya müstəqillik tarixində də dərs keçməyi bacarıb - 3:0.
Qeyd edək ki, son tur ərəfəsində bütün komandaların eyni xalı (3) var idi və hər birinin finala çıxmaq şansı qalmaqdaydı. “Neftçi” həlledici oyuna vəsiqə qazanmaq üçün Özbəkistan klubunu mümkün qədər fərqli hesabla yenməli, eyni zamanda “Metallist”in “Poloniya”ya məğlubiyyətini arzulamalıydı. "Ağ-qaralar" öz vəzifəsinin öhdəsindən gəlsələr də, "Metallist" "Poloniya" ilə görüşdə sürprizə imkan verməyib. Bu üzdən finala "Neftçi" yox, məhz Ukrayna klubu yüksəlib.
B qrupundakı yekun durum isə belə olub: Metallist – 6 xal (8-2), Neftçi – 6 (7-4), Poloniya – 3 (3-8), Paxtakor – 3 (2-6).
Beynəlxalq turnir
Qrup mərhələsi
B qrupu
1 fevral
Neftçi – Paxtakor - 3:0 (2:0)
NEFTÇİ: Rauf Mehdiyev, Rail Məlikov, Slavço Georgiyevski, İqor Mitreski, Rəşad Abdullayev, Denis Silva, Mirhüseyn Seyidov, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid Hüseynov, Bahodir Nasimov.
PAXTAKOR: A.Lobanov, Y.Krimets, A.Nikolayev, S.Oraxavec, A.Xolmurodov, G.Uronov, F.Tadjiyev, S.Andreyev, D.Şarafetdinov, İ.Klimaşvili, N.Şabimura.
Oyun başladı
Matçın hakimlər briqadası Rusiyadandı: baş hakim Aleksey Nikolayevdi
Qrup liderini müəyyənləşdirmək baxımından vacib əhəmiyyət daşıyan "Metallist" - "Poloniya" matçı da paralel keçirilir. Həmin görüşdə də hər hansı dəyişiklik olsa, diqqətinizə çatdıracağıq. Hələlik, hesab açılmayıb - 0:0
3. Qarşılaşmaya "Neftçi" daha fəal başlayıb
3. Bahodir Nasimov qapıçı ilə təkbətək çıxsa da, hesabı açmaq mümkün olmadı
5. Rəşad Abdullayev bakılıları erkən qolla sevindirir - 1:0
"Flaqman"ın Azərbaycansayağı künc zərbəsi zamanı Rəşad Abdullayev son nöqtəni qoyur
15. "Paxtakor" hesabı bərbərləşdirə bilərdi, amma bu epizodda Rauf Mehdiyev "flaqman"ı qoldan xilas etdi
20. Qoldan sonra oyun bir qədər sakit məcrada davam edir. Amma "ağ-qaralar"ın müdafiə xəttində səhvlər tez-tez təkrarlanır
"Metallist" - "Poloniya" matçında Xarkov klubu 31-ci dəqiqədə hesabı açır - 1:0
Ukrayna təmsilçisi "Poloniya"ya 35-ci dəqiqədə daha bir qol vurmaqla "Neftçi"nin finala çıxmaq şanslarını azaldır - 2:0
35. "Neftçi" 2-ci qolu vurmaq üçün irəli atılıb
37. Oyun sakit tempdə keçsə də, bakılılar rəqibə nisbətən daha üstün görünür
38. Hakim Bahodir Nasimova qarşı kobudluğa görə "Paxtakor"un qapısına penalti təyin edir.Topa yaxınlaşan Mirhüseyn Seyidovun zərbəsindən sonra qapıçı komandasını qoldan xilas etdi
40. Rail Məlikovun yerinə meydana gənc Elvin Yunuszadə çıxır
"Metallist" - "Poloniya" matçında Xarkov klubu fasiləyə 2:0 öndə yollanır
45. Bahodir Nasimov Rəşad Abdullayevin sağ cinah ötürməsini qola çevirir - 2:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Matç yenə sakit məcrada davam edir
"Paxakor"un hücumları getdikcə daha kəsərli alınır. Bir epizodda qapı dirəyi "Neftçi"ni qoldan xilas edir
59. Mirhüseyn Seyidovun əvəzinə meydana Cavid İmamverdiyev daxil olur
"Metallist" 67-ci dəqiqədə "Poloniya"ya daha bir qol vuraraq, demək olar ki, finala vəsiqəni rəsmiləşdirir - 3:0
65. Emin Mehdiyev Cavid Hüseynovun əvəzinə meydana çıxır
66. Nasimov həmyerliləri ilə dueldə özünün ikinci, komandasının üçüncü qolunu vurur - 3:0
Cavid İmamverdiyevin ideal ötürməsini Bahodir Nasimov qola çevirdi
"Metallist" "Poloniya"ya dördüncü qolu vurur - 4:0
71. Dubl etmiş Bahodir Nasimovun yerinə meydana Fərid Quliyev çıxır
77. Elvin Yunuszadə yerini Kərim Diniyevə verir
82. Slavço Georgiyevski meydanı tərk edir. Onun əvəzinə meydana 17 yaşlı Kənan Manaflı daxil olur.Rəşad Abdullayev isə Alessandro Viana da Silva ilə dəyişdirilir
"Metallist" - "Poloniya" matçı 4:0 Ukrayna klubunun xeyrinə başa çatdı və bu qrupdan finala məhz xarkovlular yüksəldi
Matç başa çatdı
