1 fevral 2012 00:26
Azərbaycanın ikinci qitə səyahəti
Ötən gecə Xorvatiyada futzal üzrə növbəti Avropa çempionatı start götürdü. Azerisport.az xəbər verir ki, qitənin ən güclüsü adını qazanmaq üçün 12 komanda mübarizə aparır.
Bu 12 ölkədən biri də Azərbaycandı. Yığmamız tarixində ikinci dəfə qitə birinciliyi uğrunda mübarizə aparmaq şansı qazanıb. Belə ki, iki il öncə Macarıstanda təşkil olunan AÇ-də də qüvvəsini sınayan millimiz yarımfinala qədər irəliləməyi bacarmışdı. Joze Alesio da Silvanın yetirmələri məhz həmin mərhələdə Portuqaliyaya uduzmuşdu.
Bürünc medal uğrunda mübarizədə isə komandamız Çexiyaya uduzmuşdu. Düzdü, yığmamız qitə birinciliklərindəki ilk cəhdi ciddi uğurla müşaiyət olunmasa da, yaxşı təəssürat oyatmışdı.
Lakin həmin dövrlə müqayisədə Azərbaycan yığmasında çox dəyişiklik olub. Məsələn, komandamız bu AÇ-də aparıcı oyunçusu Maşado Nilsonsuz çıxış edəcək. Hansı ki, aldığı zədə səbəbindən uzun müddətə sıradan çıxıb. Həmçinin vaxtilə “Araz”da birgə top qovan yığmamızın üzvləri hazırda müxtəlif ölkə çempionatlarında çıxış etməkdədilər. Məhz bu məqam Alesio Silva üçün əsas problemlərdən sayılır. Braziliyalı mütəxəssis özü də bildirir ki, yetirmələrini vaxtı-vaxtında xidmətində görə bilməməsi, onların birgə çıxış etməmələri ümumi işə az təsir göstərmir.
Maraq üçün onu da xatırladaq ki, bu AÇ-yə biz İspaniya, Qazaxıstan və Fransa kimi rəqiblərlə duellərdən qalib ayrılmaqla vəsiqə qazanmışıq. Daha dəqiqi Qazaxıstanı 6:3, Fransanı isə 4:2 hesabı ilə yenməyimiz qitə çempionatına vəsiqəni təmin etmişdi. Son Avropa çempionu ilə görüşdəki 3:8 hesablı yenilgimiz isə sadəcə ispanların qrup lideri kimi mərhələ adlamasına yardımçı olmuşdu.
Bu AÇ-də Azərbaycanı iki çətin rəqiblə duel gözləyir - Serbiya və Portuqaliya. Xüsusilə də Portuqaliya millisi qitənin ən güclülərindən biri sayılır. Üç komandadan ikisi pley-off mərhələsinə vəsiqə qazanacaq. Pley-offa qrup lideri kimi adlamaq üçün həm portəgizləri, həm də Serbiyanı yenməyimiz lazımdı. Belə olan halda yığmamız C qrupunun ikincisi ilə qarşılaşmaq hüququna yiyələnəcək. Hansı ki, sözügedən qrupda İtaliya, Rusiya və Türkiyə milliləri qərarlaşıb.
Qrup ikincisi kimi mərhələ adlamağımız üçün isə ən azı rəqiblərimizdən birini yenməyimiz lazım gələcək. Belə olan halda C qrupunun ən güclüsüylə qarşılaşmalı olacağıq ki, bu da qətiyyən arzuolunan deyil. Güman ki, həmin komanda da qitənin ən güclü yığmalarından İtaliya olacaq. Bu üzdən də futzalçılarımız elə Portuqaliya ilk oyunda sürprizə imza atmağa borcludu. Xatırladaq ki, portəgizlərlə oyunumuz bu gün, serblərlə qarşılaşma isə fevralın 3-də baş tutacaq.
Futzal
Avropa çempionatı
D qrupu
1 fevral
00:00. Portuqaliya – Azərbaycan
Hakimlər: İvan Şabanov (Rusiya), Sebastyan Staviçki (Polşa).
Zaqreb. “Zaqreb Arena”.
