3 fevral 2012 14:50
Neftçi Tereki də 3 qolla keçib, üçüncü oldu (YENİLƏNİB)
Bu gün Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, Antalyada təşkil olunan yarışda final və üçüncü yer uğrunda oyunlar keçirilib.
B qrupunda ikinci yeri tutan “Neftçi” üçüncülük uğrunda oyuna çıxıb. Təmsilçimizin rəqibi Çeçenistan klubu, turnirin təşkilatçısı “Terek” olub. Görüşdə daha yaxşı təsir bağışlayan "ağ-qaralar" rəqibini darmadağın edib. Beləcə, Azərbaycan çempionu sözügedən turnirin üçüncüsü olub.
Qeyd edək ki, “Neftçi” qrup mərhələsində Ukraynanın “Metallurq” klubuna 1:3 hesabı ilə uduzub, Polşanın “Polonya” (3:1) və Özbəkistanın “Paxtakor” (3:0) klublarını məğlub etmişdi.
“Terek” futbol klubu 1958-ci ildə yaradılıb. Bir sıra azərbaycanlı futbolçuların çıxış etdiyi komandada bir müddət Şahin Diniyev (2001 və 2009-cu illərdə) baş məşqçi olub. Komandaya hazırda Stanislav Çerçesov başçılıq edir.
Antalya
Beynəlxalq turnir
III yer uğrunda oyun
3 fevral
Neftçi – Terek - 3:0 (1:0)
Qollar: Slavko Georgievski, 18, C.İmamverdiyev, 48: 66.
Neftçi: Rauf Mehdiyev, Alessandro Viana Da Silva, Cavid İmamverdiyev, İqor Mitreski, Slavko Georgievski, Cavid Hüseynov, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Denis Silva, Ruslan Əmircanov, Bahodir Nasimov.
Terek: Yaroslav Qodzyur, Dmitri Yatçenko, Blaqoy Georgiyev, Stepan Essame, Aleksandr Pavlenko, Musavengosi Mguni, Oleq Vlasov, Piotr Poldzak, Martin Jiranek, Oleq İvanov, İqor Lebedenko.
Oyun başladı
Hakimlər briqadası Rusiyadandı. Baş hakim Laşa Verulidzedi.
10. Matçın ilk 10 dəqiqəsi geridə qaldı. “Terek”in ərazi üstünlüyü azacıq da olsa nəzərə çarpır. Amma hələ ki hesab açılmayıb
12. “Neftçi”nin əks-hücumü təhlükəli alındı. Qapıçının irəli çıxdığını görən Rəşad Abdullayev uzaq məsafədən zərbə endirdi. Bu epizodda top azacıq qapının üstündən keçdi
18. Slavko Georgievskinin möhtəşəm zərbəsindən sonra top düz doqquzluqdan qapıya daxil oldu – 1:0
22. Rəşad Abdullayevin cərimə zərbəsindən sonra qapıçı topu tutdu
25. “Neftçi”nin daha bir hücümü təhlükəli alına bilərdi, amma “Terek”in futbolusu Bahodir Nasimovun qarşısını kobudluqla aldı. Bu da azmış kimi hakim simulyasiyaya görə Nasimova sarı vərəqə göstərdi
33. Mirhüseyn Seyidovun cərimə zərbəsindən sonra qapıçı topu tutur
36. B.Georgiyevin cərimə zərbəsi zamanı, qapı dirəyi komandamızı qoldan xilas edir
44. Georgiyev yenidən diqqət mərkəzinə düşür. Bu dəfə onun zərbəsini Rauf Mehdiyev zərərsizləşdirir, təkrar zərbə isə qapı tirinə tuş gəlir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Neftçi"nin heyətində bir dəyişiklik var. Qapıçı Rauf Mehdiyev, Saşa Stamenkoviçlə əvəzlənir
48. Bahodir Nasimov rəqib müdafiəçilərlə mübarizədən qalib ayrılıb topu boş mövqedə olan Cavid İmamverdiyevə ötürür. O da öz növbəsində qapını dəqiq nişan alır - 2:0
52. "Flaqman" 3-cü topu vura bilərdi. Mirhüseyn Seyidovun təxminən 30 metr məsafədən vurduğu topu qapıçı çətinliklə tutdu
64. Rəqibin heyətində Georgiyevin zərbəsi qapının üstündən keçdi
66. Cavid Hüseynovdan fantastik bir zərbə. Məhz onun zərbəsindən sonra top qapının doqquzluğundan tora daxil oldu - 3:0
70. Bahodir Nasimov 4-cü topu rəqib qapısına vurur. Təəssüf ki, hakimin bayrağı havadadır.Oyundan kənar vəziyyət. Ümumiyyətlə bu qarşılaşmada hakimin bir çox qərarları şübhə doğurur
76. "Terek"in hücumu təhlükəli alındı, amma bu dəfə top qapının yanından keçdi
77. Cavid Hüseynovun zərbəsi gözəl alınır amma qapıçı komandasını 4-cü qoldan xilas edir
Yeri gəlmişkən oyunu izləyənlə arasında "Terek" klubunun prezidenti Maqomed Daudov və "Anji" klubunun keçmiş baş məşqçisi Hacı Hacıyev də var
78. Cavid İmamverdiyev meydanı tərk edir. Onun yerinə oyuna gənc Kənan Manaflı daxil olur
85. "Neftçi"nin daha bir gənc üzvü İlham Allahverdiyev, Bahodir Nasimovu əvəzləyir
Matç başa çatdı
