3 fevral 2012 19:01
Xəzər Lənkəran vətənə məğlubiyyətlə dönür (FOTOLAR)
Xəbər verdiyimiz kimi, Antalya toplanışı çərçivəsində sonuncu - beşinci yoxlama oyununa çıxan “Xəzər Lənkəran” bu gün “Gloria” otelinin futbol meydançasında Rusiyanın birinci divizion təmsilçisi “Şinnik” (Yaroslavl) klubu ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, türkiyəli hakimlər briqadasının idarə etdiyi matçın 2-ci dəqiqəsində Yaroslavl komandası penalti zərbəsi ilə hesabı açıb.
Oyunun gedişatında topa daha yaxşı nəzarət edən komandamız rəqib qapısına doğru çoxlu sayda həmlələr etsə də, hesabı bərabərləşdirməyə nail ola bilməyib. 45-ci dəqiqədə isə matçın baş hakimi növbəti dəfə cənubluların qapısına penalti təyin edib və rəqib bu imkandan da yararlanıb.
Fasiləyə iki top fərqi ilə məğlub durumda gedən “Xəzər Lənkəran”ın qapısına təyin olunan üçüncü penalti qərarından bu dəfə rəqib futbolçu Yaçenko matçın 75-ci dəqiqəsində yararlana bilməsə də, bundan altı dəqiqə öncə hesab artıq 0:3 olmuşdu. Son dəqiqələrdə Subaşiçə qarşı edilən kobudluqdan sonra təyin olunan penalti zərbəsini hücumçu özü dəqiq yerinə yetirərək yekun nəticəni müəyyənləşdirib - 1:3.
Bu gün axşam saatlarında Antalya toplanışını başa vuran “Xəzər Lənkəran” Antalya - İstanbul, ardından İstanbul - Bakı aviareysi ilə vətənə yola düşəcək.
