4 fevral 2012 11:58
“Biz belə üstünlüyü əldən verməməliydik”
Futzal üzrə Azərbaycan yığmasının üzvü Rizvan Fərzəliyev AÇ-2012-nin qrup mərhələsi çərçivəsində keçirilmiş sonuncu – Serbiya ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, təcrübəli oyunçu komandamızın məğlubiyyəti (8:9) ilə bağlı bunları dilə gətirib.
“Oyuna çox yaxşı başlamışdıq. Biz hələ elə erkən qol vurmamışdıq. Vurulan iki qoldan sonra komanda özünü çox inamlı hiss edirdi. Bizim vəziyyətimizi səhvlər pisləşdirdi. Hansı ki, həmin epizodlarda da rəqib bizi bağışlamadı. Buna baxmayaraq, fasiləyə də bir top öndə yollanmışdıq. İkinci hissədə isə daha çox möcüzəyə ümid bəsləmək məcburiyyətində qaldıq. Hakimlər də bu uğursuzluğumuzda öz “töhfə”lərini vermiş oldular. Hətta xorvatiyalı azarkeşlər də buna öz etirazını bildirirdi”.
Fərzəliyev konkret narazı qaldığı epizodlardan danışıb: “Bütövlükdə, çox kobud səhvlərə yol verdilər və oyunu düzgün yönəldə bilmədilər. Onlar ilk yarıda bizim qısa zamanda qayda pozuntusu limitimizi doldurmağımıza şərait yaratdılar. İkinci hissədə Serbiya da eyni aqibəti yaşadı. Amma ondan sonra hakimlər onların qapısına cərimə zərbəsi təyin etmək istəmədilər. Ən qəribəsi isə Andrey Tveryankinin meydandan qovulması oldu. Həmin epizodda o, heç rəqibə toxunmamışdı. Hətta elə olsaydı da, onsuz rəqib qol vurmuşdu. Daha sarı vərəqə nəyə lazım idi. Şübhəsiz ki, əsas qapıçının qovulması istənilən komanda üçün zərbədi. Amma məğlubiyyətimizi yalnız bununla da izah etməzdim. Biz belə üstünlüyü əldən verməməliydik”.
