4 fevral 2012 12:50
Kadırov turniri Neftçinin qəniminə qismət oldu
Antalyada Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, yarışın finalında A qrupunun lideri “Rapid”lə (Rumıniya) B qrupunda birinci yeri turan “Metallist” (Xarkov, Ukrayna) klubları qarşılaşıb.
Oyunun taleyini bir qol həll edib. Ukrayna klubu 78-də dəqiqədə vurduğu qolla turnirin qalibi adını qazanıb. “Metallist” kubokla yanaşı, 100 min dollar mükafat qazanıb. “Rapid” isə ikinci yer üçün nəzərdə tutulan 70 min dollara yiyələnib.
Qeyd edək ki, “Neftçi” turniri 3-cü yerdə başa vurub. Bakı klubu qrupun ilk oyununda turnirin qalibi “Metallist”ə yenilib – 1:3. Polşanın “Polonya” klubuna 3:1, Özbəkistanın “Paxtokor” komandasına 3:0 hesabı ilə qalib gələn komandamız üçüncü yer uğrunda oyunda Rusiya “Terek”ini darmadağın edib – 3:0.
