5 fevral 2012 01:33
Qar və şaxta Fransa çempionatını da vurdu
Avropa ölkələrini cənginə alan qar futbol üzrə Fransa çempionatına da zərbəsiz ötüşməyib. Azerisport.az xəbər verir ki, sözügedən ölkə çempionatının 22-ci turununun bir oyunu təxirə salınıb.
Belə ki, ötən gün keçirilməli olan “Saint-Etienne” – “Lorient” görüşü baş tutmayıb. Bu, Sent-Etyen şəhərinə yağan qar və burdakı kəskin şaxta ilə əlaqələndirilir.
Əslində, hakim bu oyunun start fitini də çalıb. Lakin heç 10 dəqiqə oynanılmamış şaxtanın dözülməzliyini nəzərə alaraq, oyunun qeyri-müəyyən vaxta təxirə salındığı açıqlayıb. Arenada həmin vaxt -10 dərəcə şaxta olduğu bildirilir.
Qeyd edək ki, eyni səbəblərdən Avropanın digər aparıcı ölkə çempionatlarında da oxşar təxirəsalmalar var.
