6 fevral 2012 02:11
Afrika Millətlər Kuboku: Yarımfinalçılar müəyyənləşdi
Afrika Millətlər Kubokunda pley-off mərhələsinin oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Qabon və Ekvatorial Qvineyanın birgə ev sahibliyi etdiyi turnirin 1/4 final mərhələsinin ikinci oyun günündə daha iki görüş baş tutub.
Öncə meydana Qabon və Mali yığmaları çıxıb. Qarşılaşmanın əsas və əlavə vaxtı sülhlə bitib. Bu üzdən gərgin keçən matçda qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Bu zaman daha dəqiq olan Mali yığması qələbə qazanaraq, yarımfinala adlayan növbəti komanda olub. Beləcə, Ekvatorial Qvineyanın ardından Qabon da uduzub. Nəticədə, turnirin ev sahiblərinin hər ikisi yarımfinala həsrət qalıb.
Günün digər matçı isə Qana və Tunis arasında keçirilib. Bu görüşün də əsas vaxtı 1:1 başa çatıb. Lakin əlavə vaxtda daha bir qol vuran Qana yarımfinala son vəsiqəyə sahib çıxıb.
Beləliklə, fevralın 8-də keçiriləcək turnirin yarımfinal oyunlarında Zambiya Qana, Mali isə Fil Dişi Sahili ilə qarşılaşacaq.
Afrika Millətlər Kuboku
1/4 final
5 fevral
Qabon – Mali – 1:1 (penaltilərlə 4:5)
Qollar: Moulounqui, 55 – Diabete, 84.
Qana – Tunis – 2:1
Qollar: Mensah, 10, Ayeu, 101 – Xelifa, 42.
