7 fevral 2012 01:09
Makedoniya millisinin üzvü Qarabağda (FOTO)
“Qarabağ” heyətini əcnəbi futbolçu ilə gücləndirir. Azerisport.az xəbər verir ki, Ağdam klubu makedoniyalı hücumameylli yarımmüdafiəçi Muarem Muaremi heyətinə qatmaq istəyir.
Futbolçu ilə danışıqların davam etdiyi və tərəflərin anlaşmaq üzrə olduğu deyilir. Transfer yaxın günlərdə reallaşa bilər.
Qeyd edək ki, 1988-ci ildə Skopyedə dünyaya gələn Muarem Muarem karyerasına “Rabotniçki”də başlayıb. 2008-2010-cu illərdə (24 oyun) bu komandaya məxsus olan futbolçu 2009-2010-da Makedoniyanın “Teteks” klubuna icarəyə verilib (4 oyun). 2010-cu ildə Türkiyənin “Orduspor” klubuna transfer olunan 23 yaşlı yarımmüdafiəçi (25 oyun, 4 qol) bir mövsümdən sonra “Rabotniçki”yə dönüb (12 oyun, 2 qol).
“Qarabağ”ın heyətinə qatmaq istədiyi futbolçu 2004-2010-cu illərdə ölkəsinin U-17, U-19 və U-21 yığmalarında 15 oyun keçirib və 4 qola imza atıb. Ötən ildən əsas yığmaya dəvət alan futbolçu 3 dəfə A millinin formasını geyinib.
