7 fevral 2012 12:42
Xəzər Lənkəran Kosta-Rika klubunun prezidentini Azərbaycana gətirdi
Kosta-Rikanın “Kartagines” klubunun prezidenti Xose Luis Rodriqes futbolçu Rendall Brenesin “Xəzər Lənkəran”a transferi ilə bağlı danışıqlar aparmaq üçün Azərbaycana gəlib. Azerisport.az xəbər verir ki, bu barədə “Kartagines”in rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Rodriqeslə birgə 29 yaşlı hücumçunun özü və agenti Adolfo Ernandes də səfərə çıxıb. Ötən həftə tərəflər arasında futbolçunun keçidinə dair danışıqlar aparılıb. Danışıqları yekunlaşdırmaq və müqavilə imzalamaq üçün Kosta-Rika klubunun rəsmiləri ölkəmizdə olacaqlar.
Qeyd edək ki, Rendall Brenes 13 avqust 1983-cü ildə Kosta-Rikanın Kartago şəhərində anadan olub. 1,73 m boya malik forvard peşəkar karyerasına 2003-cü ildə “Kartagines” klubunda başlayıb. Sonradan o, Norveçin “Bodo Glimt” və Konqsvinger” komandalarında çıxış edib. “10 nömrə” 2010-cu ildə “Kartagines”ə qayıdıb və 44 oyuna 22 qol vurub. 2005-ci ildən Kosta Rika millisinə də dəvət alan Brenes 16 matçda 5 qol vurub.
