9 fevral 2012 19:54
Bundesliqa klubu baş məşqçisini qovdu
Futbol üzrə Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Hoffenheim” rəhbərliyi baş məşqçisi Holger Stanislavskini tutduğu vəzifədən kənarlaşdırıb.
Buna səbəb sözügedən komandanın Almaniya kubokunun 1/8 final mərhələsində ikinci Bundesliqa təmsilçisi “Greuther Fürth”a sensasion məğlubiyyəti olub. Belə ki, özündən xeyli zəif rəqibini doğma meydanda qəbul etməsinə baxmayaraq, 0:1 hesabıyla uduzaraq, kubokla vidalaşması “Hoffenheim”ın çalışdırıcısına baha başa gəlib.
Qeyd edək ki, Stanislavski “Hoffenheim”a bu mövsümün əvvəlində gəlmişdi və komandayla 2014-cü ilə qədər müqaviləsi var idi. Amma məhz dünənki məğlubiyyətdən sonra klub rəhbərliyi ilə qarşılıqlı razılıq əsasında sözügedən mütəxəssis postundan uzaqlaşdırılıb. Hələlik, “Hoffenheim”ın yeni baş məşqçisinin kim olacağı dəqiqləşməyib. Bu komandanın Bundesliqada 20 oyundan sonra topladığı 25 xalla 18 komanda arasında 8-ci pillədə getdiyini də vurğulayaq.
