10 fevral 2012 01:16
Məşqçilərimiz üçün Kapello zirvəsi
Bu günlərdə dünya futbol ictimaiyyətinin əsas müzakirə obyektlərindən biri İngiltərə yığmasında yaranan qalmaqaldı. Azerisport.az xəbər verir ki, “Chelsea” klubunun kapitanı ConTerrinin irqçilik qalmaqalı sonda italiyalı baş məşqçi Fabio Kapellonun İngiltərə yığmasından istefa verməsi ilə nəticələndi.
Hansı ki, bu, bütün dünya futbol ictimaiyyəti üçün kifayət qədər gözlənilməz bir qərar oldu. Maraq üçün bird aha xatırladaq ki, İngiltərə Futbol Federasiyası irqçi təcavüzlərdə ittiham olunan Con Terrini ölkənin əsas yığmasının kapitan sarğısını daşımaqdan məhrum etmişdi. Bu isə Kapello tərəfindən qəbul olunmamışdı və italiyalı mütəxəssis sözügedən qərara kəskin etirazını dilə gətirmişdi.
Bu üzdən Kapello hətta İngiltərə Futbol Federasiyasının rəhbərliyi ilə də görüşüb, bu qərarın dəyişdirilməsini tələb edib. Bununla o, rəhbərlik etdiyi kollektivə onun üzərindən müdaxilə edilməsinə qarşı çıxdığını nümayiş etdirdi. Düzdü, ünlü mütəxəssisin bu etirazı Terriylə bağlı qərarı dəyişmədi. Yəni İFF öz qərarını qüvvədə saxlamağa üstünlük verdi. Amma Kapello da buna cavab olaraq, İngiltərə yığmasındakı fəalliyətini başa vurduğunu bəyan etdi və istefa ərizəsini yazmaqla, çoxlarını şoka salan qərar qəbul etdi.
Təbii ki, Kapellonun bu addımı bir məşqçinin futbolçusuna görə göstərə biləcəyi ən böyük fədakarlıqlardan biridi. Hər halda bir ölkənin futbol federasiyasının adi bir yığma üzvünə dair qərarına etiraz edən məşqçinin istefa verməsinə hər gün rast gəlinmir. Ən azından belə nümunələrlə Azərbaycan futbolunda nə rastlaşmışıq, nə də belə bir hala rast gəlinməsi inandırıcı görünür.
Bunun ən önəmli səbəblərindən biri Azərbaycan futbolunda məşqçilərin fəaliyyətinin tam sərbəst olmamasıdı. Artıq futbol ictimaiyyətində hər kəs bilir ki, bizim futbolda klubların baş məşqçiləri az qala hamılıqla sponsorların, klub prezidentlərinin tapşırıqları əsasında fəaliyyət göstərir. Bəzilərinə müəyyən azadlıqlar verilsə də, yenə də bizdə tam müstəqil fəaliyyət göstərən mütəxəssislər yoxdu. Yəni bu üzdən bizim məşqçilərdən hansınınsa hansısa futbolçusuna görə belə bir fədakarlıq göstərməsi, hətta işindən imtina etməsi az inandırıcı görünür.
Amma yaxşı olardı ki, bizim də klublarda, yığmada baş məşqçilərə tam sərbəstlik verilsin. Ən azından onların komanda qurmaqda, heyət formalaşdırmaqda müstəqil qərarlar vermək imkanları olsun. Qeyri-peşəkarlığın kifayət qədər geniş vüsət aldığı futbolumuzda səriştəsiz klub rəhbərlərinin mənasız müdaxilələri haqda tez-tez eşidirik. Amma ümid edək ki, bundan sonra belə halların sayı azalacaq və biz də məşqçilərimizin müstəqilliyinin şahidi olacağıq. Ən azından Kapello kimi həm futbolçularını müdafiə edəcək, həm də özlərinə hörmət edəcək dərəcədə.
