10 fevral 2012 19:21
Bundesliqa klubu yeni baş məşqçisinə qovuşdu
Futbol üzrə Almaniya Bundesliqasında çıxış edən “Hoffenheim”ın yeni baş məşqçi müəyyənləşib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi sabiq baş məşqçi Holger Stanislavskinin postunu Markus Babbelə həvalə edib.
Babbellə 2014-cü ilə qədər dövrü əhatə edən müqavilə imzalanıb. Qeyd edək ki, bu mütəxəssis daha öncə Bundesliqada “Hertha”nın sükanı arxasında çalışmışdı.
Maraq üçün xatırladaq ki, ötən gün istefaya göndərilən Stanislavskinin istefasına komandanın Almaniya kubokunun 1/8 final mərhələsində ikinci Bundesliqa təmsilçisi “Greuther Fürth”a sensasion məğlubiyyəti səbəb olmuşdu. Belə ki, özündən xeyli zəif rəqibini doğma meydanda qəbul etməsinə baxmayaraq, 0:1 hesabıyla uduzaraq, kubokla vidalaşması “Hoffenheim”ın çalışdırıcısına baha başa gəlmişdi. Bu komandanın Bundesliqada 20 oyundan sonra topladığı 25 xalla 18 komanda arasında 8-ci pillədə getdiyini də vurğulayaq.
