12 fevral 2012 22:55
Amit 16 dəqiqə oynadı, komandası 1 xalla kifayətləndi (YENİLƏNİB)
Bu gün Türkiyənin Bank Asya birinci liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası səfərdə “Denizlispor”la qarşılaşıb. Qeyd edək ki, bu oyun öncəsində “Erciyesspor” 28 xalla 9-cu pillədə qərarlaşmışdı. Kayseri təmsilçisi son dövrlərdəki uğursuz çıxışına son qoymaq üçün “Denizlispor”u məğlub etməyə borcluydu. Hansı ki, bu komanda 19 xalla 15-ci pillədə qərarlaşmışdı. Lakin Kayseri klubu bu vəzifənin öhdəsindən gələ bilməyib. Qonaqlar qələbəni son dəqiqələrdə əldən veriblər.
Son oyunda forma geyməyən Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Baş məşqçi Kemalettin Şentürk futbolçumuzu ehtiyatda saxlayıb. Amma 74-cü dəqiqədə o, Emrah Bozkurtun əvəzində meydana daxil olub.
Türkiyə Bank Asya birinci liqası
21-ci tur
12 fevral
Denizlispor - Erciyesspor - 1:1 (0:0)
Qollar: Eser Yağmur, 87 - Emrah Bozkurt, 51.
