13 fevral 2012 13:44
Fatih Kavlak da Berti Foqtsun dəvətini qəbul etmədi
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak da futbol üzrə Azərbaycan yığmasının Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək toplanışına qatılmayacaq. Azerisport.az xəbər verir ki, millimizin baş məşqçisi Berti Foqts Premyer Liqada çıxış edən klubların baş məşqçilərinin də Dubay toplanışında iştirak etməsini istəyir.
Bununla əlaqədar AFFA bütün klubların çalışdırıcılarına dəvət də göndərib. Amma “Qəbələ”nin türkiyəli məşqçisi klubdakı işlərinin çoxluğunu nəzərə alaraq, Dubaya getmək istəmir. Çünki fevralın sonundan başlayacaq bu səfər martın 2-də başa çatacaq. Ayın 3-də isə Premyer Liqanın oyunları keçiriləcək. Buna görə də Kavlak millimizlə birgə BƏƏ-yə getmək istəmir.
Xatırladaq ki, Fatih Kavlakdan öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da Dubaya getməyəcəyini bəyan etmişdi. Digər məşqçilərin də oxşar səbəblərdən sözügedən dəvəti qəbul etməyəcəyi gözlənilir.
