13 fevral 2012 14:44
Abdullayev də Dubay toplanışına getmir
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev də futbol üzrə Azərbaycan yığmasının Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək toplanışına qatılmayacaq. Azerisport.az xəbər verir ki, millimizin baş məşqçisi Berti Foqts Premyer Liqada çıxış edən klubların baş məşqçilərinin də Dubay toplanışında iştirak etməsini istəyir.
Bununla əlaqədar AFFA bütün klubların çalışdırıcılarına dəvət də göndərib. Amma Tovuz klubunun məşqçisi klubdakı işlərinin çoxluğunu səbəb gətirərək, Dubaya getmək istəmir. Komandasının heç də yaxşı vəziyyətdə olmamasını əsas gətirən Abdullayev mövcud problemlərin həllinə nail olmaq fikrindədi.
Qeyd edək ki, fevralın sonundan başlayacaq bu səfər martın 2-də başa çatacaq. Ayın 3-də isə Premyer Liqanın oyunları keçiriləcək. Əsgər Abdullayevdən öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “Qəbələ”nin türkiyəli çalışdırıcısı Fatih Kavlak, həmçinin “Simurq”dan Sergey Yuran Dubaya getməyəcəyini bəyan edib.
