13 fevral 2012 16:19
Səkkiz klubun baş məşqçisi Dubaya getməyə razılıq verdi
Xəbər verdiyimiz kimi, bəzi klubların baş məşqçiləri futbol üzrə Azərbaycan yığmasının Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək toplanışına qatılmayacaq. Azerisport.az xəbər verir ki, millimizin baş məşqçisi Berti Foqts Premyer Liqada çıxış edən klubların baş məşqçilərinin də Dubay toplanışında iştirak etməsini istəyir.
Bununla əlaqədar AFFA bütün klubların çalışdırıcılarına dəvət də göndərib. Amma bəzi klubların çalışdırıcıları bundan imtina edib.
Amma AFFA-dan səkkiz klubun baş məşqçisinin bu toplanışa getmək istədiyini bildirirlər. Artıq “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevlə “Qəbələ”nin çalışdırıcısı Fatih Kavlak da sözügedən dəvəti qəbul edib. Bundan əlavə “İnter”, AZAL, “Sumqayıt”, “Xəzər Lənkəran”, “Rəvan” və “Kəpəz”in baş məşqçiləri də millinin düşərgəsinə yollanmağa razılıq verib.
Qeyd edək ki, fevralın sonundan başlayacaq bu səfər martın 2-də başa çatacaq. Ayın 3-də isə Premyer Liqanın oyunları keçiriləcək. Məhz bu üzdən “Bakı”dan Aleksandr Starkov, “Qarabağ”dan Qurban Qurbanov, “Turan”dan Əsgər Abdullayev, həmçinin “Simurq”dan Sergey Yuran Dubaya getməyəcəyini bəyan edib.
“Qəbələ”nin türkiyəli çalışdırıcısı Fatih Kavlak da öncədən bu səfərə yollanmaqla bağlı fikrini qətiləşdirmədiyini desə də, göründüyü kimi, son anda AFFA-nın dəvətini qəbul edib.
