13 fevral 2012 16:27
“Qalib gələcəyimizə inanırdıq”
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş “Grand-Prix Winter OBSL 2012” beynəlxalq turnirinin qalibi olmuş çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Bəhram Hətəmov bununla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, AFFA-nın rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Turnirin qalibi olacağımızı bəlkə də çoxları gözləmirdi. Ancaq Sankt-Peterburqda olduğumuz müddətdə məndə və komanda üzvlərində qalib gələcəyimizlə bağlı bir inam var idi. Hər bir oyunda çox çətin qələbə qazandıq. Amma sonda istədiyimizə çatdıq. Bütün komandalarımıza bu il keçirəcəkləri oyunlarda uğurlar arzulayıram. Bizi isə qarşıda daha çətin oyunlar və qələbələr gözləyir. Bizə yüksək səviyyədə şərait yaratdığına, yarışda iştirakımızı təmin etdiyinə görə, AFFA və Çimərlik Futbol Federasiyasının rəhbərliyinə təşəkkürümüzü bildiririk”.
