13 fevral 2012 17:36
“Stadionun öt örtüyü yaxşı vəziyyətdə deyil”
Xəbər verdiyimiz kimi, Premyer Liqanın 20-ci turu çərçivəsində “Sumqayıt” Futbol Klubu “Neftçi”ni qəbul edəcək. Azerisport.az xəbər verir ki, son həftələr ölkə ərazisində hökm sürən qarlı və şaxtalı hava şəraiti səbəbindən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb.
Bu səbəbdən əvəzedici və əsas komandalar “Neftçi” ilə oyunları “Şəfa” stadionunda keçirəcək. “Sumqayıt” və “Neftçi”nin əvəzedici komandaları fevralın 14-də, əsas komandalar isə fevralın 15-də üz-üzə gələcək. Hər iki görüş saat 14:00-da başlayacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktoru Rizvan Rəsulov meydançanın vəziyyəti ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “Son zamanlar ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti hökm sürür. Bununla əlaqədar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun öt örtüyü yaxşı vəziyyətdə deyil. Həmin qarşılaşma Sumqayıtda keçirilsəydi, meydança daha acınacaqlı vəziyyətə gələ bilərdi. Məsələ ilə bağlı iki gün əvvəl “Sumqayıt” Futbol Klubunun rəhbərliyi ilə görüşümüz oldu. Bu səbəbdən “Neftçi” ilə oyunun başqa meydançada keçirilməsinə qərar verildi”.
